Deputat: "2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib"

02.12.2025 10:18 8 baxış sayı 4 dəq. oxuma Report
Deputat: "2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib"

Milli Məclisin deputatı Zaur Şükürov parlamentin plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində iştirak edib. Deputat bildirib ki, 2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib.


O qeyd edib ki, bu hədəflər Prezident İlham Əliyevin təyin etdiyi sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik və xarici siyasət strategiyasından irəli gəlir. Deputat Şükürov əmindir ki, ölkə başçısının uzaqgörən siyasəti və mükəmməl liderliyi bu vəzifələrin səmərəli icrasına və hədəflərə nail olunmasına imkan verəcək. O, Maliyyə Nazirliyinə və layihənin peşəkar şəkildə hazırlanmasında əməyi olan digər qurumlara təşəkkürünü bildirib. Həqiqətən də, Konstitusiyanın 30, Şanlı Zəfərin isə 5 illiyini qeyd etdiyimiz Konstitusiya və Suverenlik ilində tarixin ən böyük büdcəsinin müzakirə edilməsi qürurvericidir.


Dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyası çərçivəsində bəzi istiqamətlər əsas prioritetlər kimi diqqətdə saxlanılır. Bunlara Qarabağın və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafı, hərbi potensialın gücləndirilməsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi, habelə sosial istiqamətlər daxildir. Zaur Şükürovun sözlərinə görə, bu kontekstdə müasir çağırışlara cavab verən büdcə layihəsinin hazırlanması xüsusilə önəmlidir. Yaxın regionlarda davam edən münaqişələr və dövlətlərarası tarif siyasətindəki dəyişikliklər fonunda, ölkədə makroiqtisadi və fiskal stabilliyin qorunması sevindirici haldır. İqtisadiyyatda artım tempi davamlı müşahidə edilir. Prezidentin qeyd etdiyi kimi, "Bu gün Azərbaycan stabil siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir və bizim iqtisadiyyatımız özünü təmin edir".


Büdcə layihəsində 38,6 milyard manat gəlirin və 41,7 milyard manat xərcin proqnozlaşdırılması gözlənilir. Büdcənin sosialyönümlü olması xüsusilə diqqət çəkən məqamlardandır. Sosialyönümlü xərclərə ümumilikdə 17,1 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulur. Bu rəqəm 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və ya 17 % çoxdur. Ümumi büdcə xərclərinin 41 %-i, cari xərclərin isə 68 %-i sosialyönümlü xərcləri əhatə edir. Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,7 milyard manat proqnozlaşdırılması strateji əhəmiyyət daşıyan yanaşmadır ki, bu da cari illə müqayisədə 319 milyon manat çox vəsait deməkdir. İşğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinə gələn il 3,5 milyard manat vəsait ayrılması planlaşdırılır.


Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin beynəlxalq miqyasda nüfuzu daim artır. Bu səbəbdən ölkəmizin beynəlxalq sahədəki fəaliyyətinin etibarlı maliyyə təminatı mühüm əhəmiyyət kəsb edir. 2026-cı ildə diplomatik nümayəndəliklərin xərclərinin 5 % artırılaraq 215 milyon manata çatdırılması təqdirəlayiqdir. Digər mühüm bir amil ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artmasıdır. Bu artım gələcəkdə neft-qaz sektorundan asılılığın azalmasına, ölkə iqtisadiyyatının şaxələndirilməsinə və daha dayanıqlı, sabit büdcə siyasətinin həyata keçirilməsinə imkan verən əsas faktorlardandır.

S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: