Narkotik maddə insanı necə dəyişir? - Səhiyyə Nazirliyindən xəbərdarlıq

04.02.2026 11:25 19 baxış sayı 3 dəq. oxuma Trend
Narkotik maddə insanı necə dəyişir? - Səhiyyə Nazirliyindən xəbərdarlıq

Narkotik maddənin orqanizmə ilkin təsiri və onun klinik nəticələri birbaşa maddənin hansı qrupa aid olmasından asılıdır. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov nazirliyin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı bu barədə ətraflı məlumat verib. O, ən çox yayılmış narkotik maddələrin mərkəzi sinir sisteminə necə təsir etdiyini və hansı fiziki, psixoloji dəyişikliklərə yol açdığını izah edib.


Baş direktorun sözlərinə görə, ən çox yayılan narkotik qrupuna aid olan opioidlərin qəbulu zamanı mərkəzi sinir sisteminə təsir nəticəsində bir sıra əlamətlər müşahidə edilir. Bunlara eyforiya, sakitlik, rahatlıq hissi, sedasiya və yuxululuq daxildir. Həmçinin diqqət və reaksiyalar zəifləyir, nitq bir qədər ləngiyir, bəbəklər daralır. Fiziki cəhətdən isə tənəffüs ləngiyir və yavaşıyır, ürək döyüntüsü azalır (bradikardiya), təzyiq düşür, ürəkbulanma, qusma, ağızda quruluq və qəbizlik kimi hallar baş verir. Sadıqov xəbərdarlıq edir ki, doza artdıqca tənəffüsün daralması və koma riski də yüksəlir.


Digər geniş yayılmış narkotik maddə olan kannabinoidlərin qəbulu zamanı rahatlama və eyforiya, diqqət, yaddaş və reaksiyaların azalması müşahidə olunur. Bu maddəni istifadə edən şəxslərdə gülmə tutmaları, səbirsizlik, sevinc, bəzən isə panika və paranoid düşüncələr ortaya çıxır. Kannabinoidlər eyni zamanda işığa həssaslıq, gözlərin qızarması, ürək döyüntüsünün sürətlənməsi (taxikardiya), təzyiqin düşməsi və iştahanın artması ilə özünü göstərir; yüksək doza panik ataklara və psixotik əlamətlərə səbəb olur.


Psixostimulyatorların, məsələn, amfetamin, metamfetamin və kokainin qəbulu tamamilə fərqli bir mənzərə yaradır. Bu maddələr enerji və oyanıqlığı artırır, eyforiyaya və özünə inamın yüksəlməsinə gətirir. Həyəcan, bəzən də aqressiv hallar müşahidə olunur. Doza çox yüksək olduqda panika, paranoid düşüncələr, hallüsinasiyalar, bəbəklərin genişlənməsi, təzyiqin yüksəlməsi və bədən hərarətinin artması baş verir. Şəxs bir yerdə dayana bilmir, diş qıcayır, iştaha azalır və çəki itkisi yaşanır. Baş direktor qeyd edib ki, şəxsin narkotik maddə qəbul edib-etmədiyini sadə üsulla müəyyən etmək mümkündür. Bunun üçün narkotestlərdən istifadə edilir ki, bu testlər vasitəsilə maddələr sidikdə təyin olunur.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: