Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib (FOTO)

07.12.2025 09:27 12 baxış sayı 4 dəq. oxuma Trend
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.


Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini bildirdi. O, iclasın zəngin gündəliyini ölkələr arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi dəyərləndirdi. Dövlət başçısı son illərdə ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğuladı. Bu inkişafda yüksəksəviyyəli qarşılıqlı səfərlərin böyük rolu olduğunu qeyd etdi.


Prezident Əliyev Qırğızıstan tərəfindən Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərilən dəstəyi xüsusi qeyd etdi. O, Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür etdi. Azərbaycan Prezidenti həmçinin Qırğızıstan dövlət başçısının hədiyyə olaraq işğaldan azad edilmiş ərazilərə 200 yaxın əşya göndərilməsini də dostluq münasibətlərinin təzahürü adlandırdı. Dövlət başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladı.


İlham Əliyev həmçinin investisiya layihələrinə toxunaraq, Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi önə çəkdi. Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident, iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu haqqında məlumat verdi. Artıq Fond tərəfindən ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb, bir neçə layihə isə maliyyələşmə mərhələsindədir. Azərbaycan Fondun kapitalının formalaşması üçün maliyyə vəsaiti ayırıb və layihələrin sayı artarsa, əlavə vəsait ayrılacağını vurğuladı. Prezident Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu qeyd etdi. O, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasına görə minnətdarlığını bildirərək, bunun Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacağını və stabil yükdaşımanı möhkəmləndirəcəyini dedi.


Bakıt Torobayev qəbula görə nümayəndə heyətinin adından təşəkkür etdi və Prezident Sadır Japarovun salamlarını çatdırdı. Prezident Əliyev də öz salamlarını Japarova çatdırmağı xahiş etdi. Qonaq bildirdi ki, ümumi tarixi köklərə və əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələr, iki ölkə prezidentinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb. Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının vacibliyinə toxunaraq, gələcəkdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğuladı. Söhbət zamanı energetika, nəqliyyat, investisiya qoyuluşu, humanitar sahələr, təhsil, kənd təsərrüfatı və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edildi. Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini də əlavə etdi.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: