🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan gələcəyin futbol ölkəsi ola bilər? - RƏY

02.10.2025 15:25 1 baxış sayı 3 dəq. oxuma
Azərbaycan gələcəyin futbol ölkəsi ola bilər? - RƏY

Son illərdə Azərbaycan futbolunda canlanma müşahidə olunur. Xüsusilə də "Qarabağ" klubunun Avropa arenasında qazandığı ardıcıl qələbələr ölkənin futbol imicini gücləndirib. Maraqlıdır, görəsən, Azərbaycan gələcəyin futbol ölkəsi ola bilər? Daha da uğurlu olmaq üçün hansı məsələlərdə inkişaf etməliyik?

Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, qəribə səslənsə də, “Qarabağ”ın qələbələri Azərbaycan futbolunun ümumi qələbəsi kimi sayılmaya bilər. Çünki “Qarabağ” tamamilə fərqli bir sistem qurub və digər klublarımız bu nəticələrə yaxın belə düşmür:

“Onlar bu nailiyyətlərin heç 20 faizini, hətta 10 faizini də göstərə bilmirlər. Bu isə o qədər də xoş mənzərə deyil. Azərbaycan futbolunda ciddi problemlər mövcuddur, uşaq futbolunda infrastruktur çatışmazlığı, meydança azlığı, avadanlıq və kadr qıtlığı var. Sadə dildə desək, ölkəmizdə futbol oynamaq üçün yetərli sayda meydança yoxdur. Problemlərin sayı çoxdur və onların mərhələli şəkildə vaxtında həll olunması vacibdir. Hazırkı durum heç də yaxşı deyil. Amma hələ də gec deyil, başlamaq mümkündür”.

K.Məstəliyev qeyd edib ki, AFFA-nın yeni rəhbərliyi artıq bəzi addımlar atır və strateji inkişaf planı açıqlanıb. Bu planın heç olmasa 35-40 faizi həyata keçirilsə, Azərbaycan futbolunun inkişafı dəfələrlə sürətlənə bilər:

““Qarabağ”ın uğurları azarkeşlərə, xüsusən də futbolla məşğul olan yeniyetmə və gənclərə stimul verir. Onların futbola marağı, əzmi və istəyi artır. Valideynlər də azyaşlı uşaqlarını futbola yazdırmağa daha çox meyllənə bilərlər. Bu yolla kütləvilik təmin olunar və nəticədə kəmiyyət keyfiyyətə çevrilər. Düşünürəm ki, “Qarabağ” qələbələr qazandıqca biz həm Azərbaycan futbolunun uğurlarından, həm də mövcud problemlərindən daha çox danışacağıq. Onları həll etmək üçün daha çox enerji sərf olunacaq ki, bu da yalnız müsbət nəticə verə, inkişafımıza töhfə ola bilər. Beləliklə, “Qarabağ”ın qələbələri təkcə bir klubun deyil, bütün Azərbaycan futbolunun inkişafına təkan verir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: