Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu siniflərdə yeni müəllim modeli tətbiq oluna bilər

01.12.2025 15:43 14 baxış sayı 4 dəq. oxuma Metbuat
Bu siniflərdə yeni müəllim modeli tətbiq oluna bilər

Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə televiziya vasitəsilə bildirdi ki, sertifikasiya imtahanlarında ən aşağı nəticələri ibtidai sinif müəllimləri göstərib. Bu vəziyyət ibtidai təhsil müəllimlərinin üzərinə düşən həddən artıq, çoxşaxəli fənn yükünün nəticələrə təsir edib-etməməsi barədə ciddi suallar ortaya çıxarır. Hazırda müzakirə edilən əsas məsələlərdən biri budur ki, ibtidai tədrisin bir müəllim əvəzinə, müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllim tərəfindən həyata keçirilməsi mümkündürmü. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bu mövzunun təhsil sistemimizin uzun illər gizli qalan, lakin indi açıq şəkildə müzakirəyə ehtiyacı olan bir nöqtəsi olduğunu deyir. Bu müzakirə ibtidai təhsildə keyfiyyəti artırmaq üçün atılacaq potensial addımları göstərir.


Günay Əkbərovanın sözlərinə görə, ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrində aşağı bal toplaması tək bir səbəblə izah olunmur. Burada ən önəmli amil onların üzərinə düşən həddindən artıq fənn yüküdür. İbtidai sinif müəllimi eyni anda həm Azərbaycan dili, həm riyaziyyat, həm həyat bilgisi, həm məntiq, həm də bacarıq fəaliyyətlərini təkbaşına aparır. Bu model bir müəllimdən həm humanitar, həm də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir, hansı ki, bu tələb real deyil. Dünya təcrübəsinə baxsaq, bu modelin yalnız inkişaf etməkdə olan ölkələrə xas olduğunu görürük. Finlandiya, Estoniya, Sinqapur və Cənubi Koreya kimi təhsil nəticələri yüksək olan ölkələrdə ibtidai mərhələdə müəllimlər sahə üzrə ixtisaslaşır. Yəni bir müəllim dili, digəri riyaziyyatı öyrədir. Bu yanaşma tədrisin keyfiyyətinə müsbət təsir edir, eyni zamanda şagirdlərin nəticələrini də yaxşılaşdırır.


Yerli təhsil sferasında ibtidai mərhələdə iki müəllim modelinin tətbiqi tamamilə mümkündür. G. Əkbərova bildirib ki, bu, uzunmüddətli perspektivdə qaçılmaz görünür. Müəllim öz güclü tərəfi üzrə dərs keçəndə həm özü rahat çalışır, həm də şagirdlər daha keyfiyyətli tədris alır. Riyaziyyat sistematik, ardıcıllıq tələb edən və xüsusi metodoloji hazırlıq istəyən bir fəndir. Azərbaycan dili isə bundan fərqli yanaşma və fərqli pedaqoji texnika tələb edir. Bir insanın hər iki sahədə eyni səviyyədə güclü olması çox nadir haldır. Burada məsələ müəllimin zəifliyi deyil, sistemin ondan gözlədiyi qeyri-real tələblərdir.


Əgər ibtidai tədris mərhələli şəkildə iki müəllim arasında bölünsə, iş yükü balanslaşacaq. Bu, həm müəllimin, həm də şagirdin inkişafına xidmət edəcəkdir. Belə bir struktur dəyişikliyi üçün yeni iş bölgüsü, müəllim sayının yenidən hesablanması və ixtisaslaşma mexanizminin yaradılması lazımdır. Əgər doğru planlanarsa, bu dəyişiklik ibtidai müəllimləri rahatlaşdırmaqla yanaşı, eyni zamanda tədrisin ümumi keyfiyyətini də xeyli yüksəldə bilər. İbtidai təhsildə ixtisaslaşma sistemi ölkənin təhsil göstəricilərini daha yaxşı səviyyəyə çatdırmağa kömək edə bilər.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: