Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyə təyyarəsi niyə qəzaya uğradı? - AÇIQLAMA

12.11.2025 12:23 6 baxış sayı 4 dəq. oxuma Metbuat
Türkiyə təyyarəsi niyə qəzaya uğradı? - AÇIQLAMA

Noyabrın 11-də Azərbaycandan uçan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı. Təəssüf ki, hadisə nəticəsində heyət üzvləri daxil olmaqla, təyyarənin göyərtəsində olan 20 hərbçi həlak oldu. Qəzanın dəqiq səbəbləri hələ tam açıqlanmasa da, ictimaiyyətdə müxtəlif versiyalar səsləndirilir. Bəzi mütəxəssislər təyyarənin köhnə olmasını və uzun illər istismar edilməsini əsas səbəb kimi göstərirlər. Digərləri isə təyyarənin normadan artıq yüklə havaya qalxdığını, bunun da uçuşun sabitliyinə pis təsir etdiyini iddia edir. Hətta sosial mediada təyyarənin lazerlə vurulduğu barədə də iddialar yayıldı. Bütün bu ehtimallar fonunda, hər kəs Türkiyə hərbi təyyarəsinin qəzaya uğramasının əsl səbəbini bilmək istəyir.


Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, qəza təzə baş verib və araşdırmalar hələ tamamlanmayıb. Buna görə də, bəzən məqsədli, bəzən isə bilməyərəkdən fərqli versiyalar irəli sürülə bilər, amma hər versiya ilkin dəlillərə əsaslanmalıdır. Ekspert lazerlə vurulma ehtimalını rədd edir. Lazerlə vurulan təyyarələrin tuşlandığı nöqtədə detallarda ərimə izi olur. Lakin “C-130” təyyarəsinin quyruq hissəsində, yəni yerə ilk dəyən hissədə belə bir yanma izi aşkarlanmayıb. O, yüklənmə məsələsinin də düzgün olmadığını deyir. “C-130” təyyarəsi 20 tona qədər yük və 72 nəfər tam silahlı heyəti, yaxud silahsız 92 mülki şəxsi daşıya bilmək imkanına malikdir. Belə olan halda artıq yüklənmədən söhbət gedə bilməz. Əgər həqiqətən də təyyarə həddən artıq yüklənmiş olsaydı, yüklərin bir hissəsi quyruq hissəsi ilə birlikdə və ya ondan əvvəl yerə düşməliydi. Görüntülərdə isə belə bir vəziyyət müşahidə edilmir.


Ədalət Verdiyev deyir ki, yüklər – texnika və avadanlıqlar təyyarəyə konteynerlərlə daxil edilsə də, onlar korpusa sərt şəkildə bərkidilməlidir. Əgər yüklər möhkəm bağlanmayıbsa, yüksək sürətdə və hündürlükdə manevrlər zamanı təyyarə güclü çalxalana bilər. Eyni zamanda, turbulent zonalara düşmək də çalxalanmaya səbəb ola bilər. Bu zaman uzun müddət istismar nəticəsində korroziyaya uğramış və ya mikroçatlara məruz qalmış hissələrdə gərginlik artır, nəticədə korpusun müəyyən hissələri, məsələn, quyruğu qopa bilər. Ekspertin əsas ehtimalı məhz uzun müddət istismar nəticəsində yaranan korroziya və yüklərin korpusa etibarlı bərkidilməməsidir. Ola bilər ki, qəza hər iki faktorun – həm korroziyanın, həm də yüklərin düzgün bərkidilməməsinin birləşməsi nəticəsində baş verib. Bu isə qəzanı qaçılmaz edib. İstənilən halda, qəzanın dəqiq səbəbləri yalnız "qara qutu"nun oxunması, heyət üzvlərinin və dispetçerlərin danışıqlarının təhlilindən sonra rəsmi olaraq açıqlanacaq.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: