Yaxın Şərqdə atəşkəs böhranı: Həmas-ın xəbərdarlığı və Livandakı itkilər
Həmas hərəkatı İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi son hücumlar və atəşkəs pozuntuları səbəbindən bölgədəki atəşkəs razılaşmasının tamamilə çökmək təhlükəsi ilə üz-üzə qaldığını bəyan edib. Təşkilatın yaydığı yazılı bəyanatda son 48 saat ərzində baş verən gərginliklər xüsusi qeyd olunub. Eyni zamanda, atəşkəs rejiminə baxmayaraq, İsrailin Livanın cənub bölgələrinə etdiyi son hücumlar nəticəsində həyatını itirən dinc sakinlərin sayı sürətlə artaraq 14 nəfərə yüksəlib. Son 24 saat ərzində ölkənin cənub və şərq bölgələrinə endirilən hava zərbələri, həmçinin artilleriya atəşləri nəticəsində ümumi ölənlərin sayı 3324 nəfərə çatıb.
İran və ABŞ arasında gərginlik: Bəndər-Abbas hücumları və Hürmüz boğazında insident
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi ABŞ hərbi qüvvələrinin ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhərindəki bəzi ərazilərə təşkil etdiyi hücumları kəskin şəkildə pisləyib. Yazılı bəyanatla çıxış edən rəsmi nümayəndə, ABŞ-nın bu addımını müvəqqəti atəşkəs rejiminin pozulması kimi qiymətləndirib. Paralel olaraq, Cənubi Koreya Xarici İşlər nazirinin müavini Park Yun-co bildirib ki, Hürmüz boğazında ölkə şirkəti tərəfindən idarə olunan yük gəmisinə edilən hücum böyük ehtimalla İran tərəfindən atılan raketlə həyata keçirilib. Bununla yanaşı, İranın Buşəhr əyalətində güclü partlayış səsi eşidilib və dövlət televiziyası ordunun hava hücumundan müdafiə sistemlərinin düşmənə məxsus hava aparatını məhv etdiyini açıqlayıb.
İraqdan Küveytə edilən hüqumlara sərt reaksiya
İraq Xarici İşlər Nazirliyi qardaş Küveytə qarşı təşkil edilən raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını kəskin şəkildə pisləyib. Nazirliyin rəsmi bəyanatında bildirilib ki, rəsmi Bağdad region ölkələrinin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bu cür hərbi fəaliyyətlərə qarşı qətiyyətli mövqe nümayiş etdirir.
ABŞ-da hüquqi tədbirlər: Raul Kastronun ekstradisiyası və keçmiş MKİ rəsmisinin ittihamı
ABŞ Ədliyyə Nazirliyi tərəfindən ittiham olunan keçmiş Kuba lideri Raul Kastronun ABŞ-a gətirilməsi üçün rəsmi qurumlar bütün mövcud imkanlardan yararlanacaqlar. Baş prokuror vəzifəsini icra edən Todd Blanş bildirib ki, rəsmi Vaşinqton Raul Kastronun ekstradisiyası üçün əlindən gələni edəcək. Bununla yanaşı, ABŞ-da daxili cinayət ittihamı irəli sürülüb. Keçmiş yüksək rütbəli kəşfiyyatçı, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəsmisi Devid Raş hökumətə məxsus, ümumi dəyəri 40 milyon dollar olan qızıl və pulu oğurlamaqda günahlandırılır.