Xəbər İcmalı - 06.04.2026

icmal

Saat 16:00 - Xəbər İcmalı

SEPAH ABŞ və İsrail mövqelərini atəşə tutduğunu elan edib. İran İslam İnqilabı Keşikçilər Korpusu "Doğru Vəd 4" əməliyyatının 98-ci mərhələsinin icra olunduğunu açıqlayıb. SEPAH-ın məlumatına görə, Tələvivin şimal və cənubu, Haifada strateji mərkəzlər, Ber Şevada kimyəvi zavod və digər obyektlər hədəfə alınıb. Eyni zamanda İranın İsrailə atdığı kaset başlıqlı ballistik raketlər Ramat Qan, Qivatayim, Bney Brak və Petah Tikva bölgələrində dağıntılara səbəb olub. Haifaya gecə saatlarında atılan ballistik raketin yaşayış məntəqəsinə düşdüyü bildirilir. Beləliklə, İran bu dəfə İsrailin mərkəzi bölgəsini birbaşa hədəf alıb.


Müctəba Xameneinin hərbi əməliyyat otağındakı görüntüləri diqqət çəkib. ABŞ və İsrailin hücumları nəticəsində ağır yaralandığı iddia edilən Müctəba Xameneinin hərbi otağa daxil olduğu kadrlar İran mətbuatında yayılıb. Görüntülərdə diqqəti çəkən əsas məqam otaqda Dimona nüvə təsisinin xəritəsinin olmasıdır ki, bu da dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb.


İranın Əsəluyə şəhərində neft-kimya kompleksində partlayışlar baş verib. Cənubi Pars neft-kimya kompleksində partlayışlar qeydə alınıb. "Al Jazeera" İranın "Fars" informasiya agentliyinə istinadən hadisə barədə xəbər yayıb. Partlayışların səbəbləri və nəticələri hələlik açıqlanmayıb. AB Şurasının sədri Antonio Kosta isə Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlama verərək, enerji qurğuları da daxil olmaqla mülki infrastrukturun hədəf alınmasının qanunsuz və qəbuledilməz olduğunu bildirib və məsələnin yalnız diplomatiya yolu ilə həll edilməsini tələb edib.


Ukrayna Rusiyanın "Admiral Qriqoroviç" freqatını vurub. Ukrayna Müdafiə Qüvvələri Novorossiyskda Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmini hədəfə alıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.


Daxili xəbərlərdə: Fövqəladə Hallar Nazirliyi intensiv yağışların fəsadlarını aradan qaldırmaq istiqamətində əməliyyatları davam etdirir - hazırda 166 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Digər tərəfdən, Prezident İlham Əliyevin Tbilisiyə səfəri iki ölkə arasında münasibətlərin gündəmdə qalmasına səbəb olub. Gürcüstanın Çində keçmiş səfiri David Aptsiauri səfərin Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinin ənənəvi xarakter daşıdığını bir daha ortaya qoyduğunu vurğulayıb. Həmçinin AZAL "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb - 2026-cı ilin mayından Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçiriləcək.