Saat 20:00 - Xəbər İcmalı
Ukrayna Dağıstandakı Rusiya hərbi bazasına zərbə endirib. Ukrayna Müdafiə Qüvvələri Dağıstanın Kaspiysk baza ərazisində Rusiyanın hərbi obyektlərinə hücum həyata keçirib. Əməliyyat zamanı 22800 layihəli "Karakurt" çoxməqsədli kiçik raket gəmisi vurulub. Qeyd edək ki, bu gəmi "Kalibr" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malikdir və Rusiyanın hərbi-dəniz donanmasının mühüm komponentlərindən biridir.
ABŞ-də güclü tornadolar ciddi fəsadlara yol açıb. Missisipi ştatında mayın 5-dən bəri ən azı 14 tornado qeydə alınıb. Təbii fəlakət nəticəsində 17 nəfər xəsarət alıb, mindən çox tikili ciddi ziyan görüb. Dağıntılar elektrik xətlərini sıradan çıxararaq təxminən 19 min insanı elektriksiz qoyub.
DSÖ hantavirus təhlükəsi barədə xəbərdarlıq edib. Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus MV Hondius sərnişin gəmisində aşkar olunmuş hantavirus halları ilə bağlı bəyanat verib. Ghebreyesus bildirib ki, Andes virusunun inkubasiya dövrü altı həftəyə qədər davam edə bilər və bu səbəbdən yeni halların ortaya çıxması ehtimalı var.
İlon Mask tarixdə ən böyük fərdi vergi ödənişini həyata keçirib. "SpaceX" şirkətinin qurucusu bir il ərzində 10 milyard dollar vergi ödədiyini sosial şəbəkə vasitəsilə açıqlayıb. Dünyanın ən varlı insanı olan Mask bu məbləğin heç bir şəxs tərəfindən indiyədək ödənilməmiş rekord olduğunu qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri Andriya Mandiç ilə görüşüb. Görüş Aralıq Dənizi Parlament Assambleyasına üzv ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində baş tutub. Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın inkişafı üçün mühüm platforma olduğunu vurğulayıb.