Xəbər İcmalı - 07.05.2026

icmal

Saat 9:00 - Xəbər İcmalı

Trampın sərt ritorikası İranla danışıqları çətinləşdirə bilər. Politico-nun məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyi əleyhinə sərt açıqlamaları amerikalı və ərəb rəsmilər arasında narahatlıq yaradır. Rəsmilər bu cür ritorikanın Tehranla münaqişənin həlli üçün aparılan danışıqlara mənfi təsir göstərə biləcəyindən ehtiyatlanırlar. Xatırladaq ki, Vaşinqton İrandan uranın zənginləşdirilməsinə 20 illik moratorium tələb edir.


Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazı əməliyyatını dəstəkləməkdən imtina edib. NBC News-un məlumatına görə, Krallıq Vaşinqtonun Hörmüz boğazından gəmilərin tranzitini təşkil etməyi hədəfləyən "Azadlıq Layihəsi" əməliyyatına qoşulmayacaq. Qərarın səbəbi kimi ABŞ-ın təşəbbüs barədə Ər-Riyada əvvəlcədən məlumat verməməsi göstərilir. Bu fonda, Yaponiya BƏƏ ilə 20 milyon barel neftin Hörmüz boğazından yan keçməklə, Füceyrə limanı vasitəsilə çatdırılması barədə razılığa gəlib - bu, regiondakı gərginliyin enerji tədarükünə təsirini azaltmağa yönəlib.


MIT tədqiqatı: şirkətlər avtomatlaşdırmadan maaşları kontrol etmək üçün istifadə edir. MIT iqtisadçılarının yeni araşdırması göstərir ki, 1980-ci ildən bu yana ABŞ-da şirkətlər avtomatlaşdırmanı əsasən daha yüksək maaş alan işçiləri əvəz etmək üçün tətbiq ediblər. Tədqiqata görə, texnoloji inqilabın əsas hədəfi məhsuldarlığın artırılması deyil, əmək xərclərinin azaldılması olub.


Hantavirus yoluxması olan kruiz gəmisindən üç sərnişin təxliyyə edilib. Oceanwide Expeditions şirkətinin idarə etdiyi gəmidən təxliyyə olunan iki nəfər ciddi vəziyyətdə Niderlandlara müalicəyə göndərilib. Gəmi hantavirus virusunun təsdiq edilməsindən sonra Kabo-Verdedən ayrılıb.


İslam İnkişaf Bankının illik toplantıları Bakıda keçiriləcək. IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfəri zamanı bildirib ki, iyun ayında keçiriləcək toplantılar ölkənin iqtisadi nailiyyətlərinin beynəlxalq platformada nümayişi üçün mühüm fürsət olacaq.