Saat 8:00 - Xəbər İcmalı
Tramp İrandan cavab gözləyir
ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda Vaşinqtonun münaqişənin həlli ilə bağlı təkliflərinə İrandan cavab ala biləcəyini bildirdi. Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərə "Yəqin ki, bu axşam məktub alacağam. Görək necə olacaq" deyərək danışıqlar prosesinə dair gözləntilərini ifadə edib.
ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib
ABŞ-nin Maliyyə Nazirliyi İran hərbçilərinə silah və texnologiya almaqda kömək göstərdikləri iddia olunan 10 şəxs və şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, məhdudiyyətlər Yaxın Şərq, Asiya və Şərqi Avropa regionlarını əhatə edir. Bu addım ABŞ-İran gərginliyinin artdığı bir dövrdə atılıb.
Futbol: "Mançester Yunayted" transferə hazırlaşır
"Mançester Yunayted" İtaliya klubu "Atalanta"nın 26 yaşlı braziliyalı yarımmüdafiəçisi Edersonun transferi üçün ciddi təklif hazırlayıb. Jurnalist Nikolo Şiranın məlumatına görə, İngilis klubu futbolçu üçün 45 milyon avro transfer haqqı təklif edir və 2031-ci ilə qədər uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.