Xəbər İcmalı - 12.05.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

Parlament insan alveri ilə mübarizə hesabatını qəbul edib. Milli Məclis bu gün keçirilən plenar iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ilə dair hesabatını müzakirə edərək qəbul edib. Sənəd insan alverinə qarşı mübarizə sahəsində dövlətin il ərzində həyata keçirdiyi fəaliyyətləri əhatə edir.


İran uranyumu 90 faizə qədər zənginləşdirməkdən danışır. İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisyasının sözcüsü İbrahim Rızai bildirib ki, ölkənin təkrar hücuma məruz qalması halında uranyumu yüzdə 90 dərəcəyə qədər zənginləşdirmək bir seçim olaraq masadadır. Bu açıqlama İran-ABŞ arasında davam edən gərginlik fonunda diqqət çəkir.


Səhiyyə Nazirliyi əhali arasında yayılan viruslar barədə açıqlama verib. Nazirliyin mütəxəssis-eksperti Təyyar Eyvazov son günlər müşahidə olunan halsızlıq, ürəkbulanma və qusma kimi simptomların kəskin qastroenterit, yəni "mədə-bağırsaq qripi" adlanan virus mənşəli infeksiyalarla bağlı olduğunu bildirmişdir.


Növbəti köç karvanı Xocavəndə yola salınıb. Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola düşüb. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.


Azərbaycan iqtisadiyyatı cüzi artım göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında ölkədə 39 milyard 875 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faizlik artım deməkdir.


Lökbatanda anbar yanğınının söndürülməsi davam edir. Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğının tam söndürülməsi istiqamətində intensiv əməliyyatlar həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, söndürmə əməliyyatında 182 nəfərdən çox şəxsi heyət cəlb olunub.