Xəbər İcmalı - 15.05.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət Nazirliyinin məlumatına görə, 27-29 oktyabr tarixlərində paytaxtda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı çərçivəsində baş tutacaq. Beləliklə, Bakı WUF13-dən sonra daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır.


Bayıldakı sürüşmə zonası ciddi narahatlıq doğurur. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Teleqüllədən aşağıdakı sürüşmə ərazilərində əhali köçürülsə də, fundamental işlərin aparılması zəruridir. Yetirmişlinin sözlərinə görə, Bakının Badamdart ərazisindəki vəziyyət diqqət tələb edir və bu istiqamətdə müvafiq təkliflər artıq verilib.


Türkiyə Prezidenti Ərdoğan Türkistan şəhərində Özbəkistan lideri ilə görüşüb. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Qazaxıstanın Türkistan şəhərinə səfər edən Rəcəb Təyyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ikitərəfli münasibətləri və regional əməkdaşlıq məsələlərini müzakirə edib.


"Unibank" beynəlxalq maliyyə bazarlarında mövqeyini möhkəmləndirməyə davam edir. Bank "responsAbility Investments AG" ilə tərəfdaşlıq çərçivəsində ümumilikdə 20 milyon ABŞ dolları həcmində iki kredit xətti cəlb edib. Bu əməkdaşlığın bankın dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətini dəstəkləyəcəyi bildirilir.


Maldiv adalarında faciəvi hadisə baş verib. Tüplü dalış zamanı 5 italyan turist həlak olub. İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, turistlər dənizin 50 metr dərinliyində yerləşən mağaralar üzərində tədqiqat apararkən fəlakətə uğrayıblar.


Çin kosmik proqramını genişləndirir. Dongfeng Ticari Kosmik İnnovasiya Pilot Bölgəsindən "Lijian-1 Y13" daşıyıcı raketi ilə beş peyk uğurla kosmosa göndərilib. Fırlatılan peyklərin hamısı təyin olunmuş orbitlərə çatdırılıb.