Xəbər İcmalı - 15.05.2026

icmal

Saat 21:00 - Xəbər İcmalı

Londonda 16 may şənbə günü iki böyük etiraz aksiyası keçiriləcək. Londra polisi (MET) bu günün son illər ərzində ən gərgin günlərdən biri olacağını açıqlayıb. Fələstinliləri dəstəkləmək məqsədilə hər il keçirilən "Nəkbə Günü" yürüşü şəhərin mərkəzində baş tutacaq. Aksiyalara nəzarət üçün minlərlə polis əməkdaşı səfərbər edilib.


BMT, ABŞ-ın Fələstin üzrə xüsusi məruzəçi Françeska Albanezeyə qarşı tətbiq etdiyi sanksiyaların müvəqqəti dayandırılmasını alqışlayıb. BMT İnsan Hüquqları Ofisi ABŞ Federal Məhkəməsinin bu qərarını müsbət qarşıladığını bildirib. Məhkəmənin qərarı Vaşinqtonun 2025-ci ildə tətbiq etdiyi sanksiyaların icrasını müvəqqəti olaraq dayandırır.


OpenAI şirkəti ChatGPT-yə şəxsi maliyyə alətləri əlavə edib. Yeni funksiya istifadəçilərə bank hesablarını Plaid platforması vasitəsilə birbaşa ChatGPT-yə bağlamaq imkanı verir. Hazırda ABŞ-da ChatGPT Pro abunəçiləri üçün əlçatan olan xidmət 12 min maliyyə qurumunu - o cümlədən Chase, Schwab, Fidelity və Capital One-u əhatə edir. İstifadəçilər xərcləmə təhlilindən tutmuş gələcək maliyyə planlamasına qədər müxtəlif suallar verə biləcəklər.


Heydər Əliyev Beynəlxalq Aeroportu BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş əməliyyat rejiminə keçəcək. 15-25 may tarixlərini əhatə edən bu dövrdə Bakıya gələcək beynəlxalq nümayəndə heyətləri və artan sərnişin axını ilə bağlı aeroport xüsusi hazırlıq tədbirləri görüb.


Azərbaycanda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda keçirdikləri nəzarət tədbirləri zamanı müxtəlif ünvanlarda yaşıllıqların qanunsuz məhv edilməsi hallarını müəyyən edib.


Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk rübündə bazarda likvidliyin idarə olunmasını gücləndirdiyini açıqlayıb. Yanvar-mart aylarında 23 depozit hərracı keçirilib və hərracların orta əməliyyat həcmi 1 milyard 70,4 milyon manatı ötüb. Tədbirlər monetar şəraitə nəzarətin təmin edilməsinə yönəlib.