Xəbər İcmalı - 16.05.2026

icmal

Saat 15:00 - Xəbər İcmalı

Ukrayna və Rusiya arasında cəsəd mübadiləsi həyata keçirilib. Ukrayna ilə Rusiya arasında davam edən müharibədə həlak olan əskərlərin cəsədlərinin mübadiləsi gerçəkləşdirilib. Ukrayna Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, humanitar əməliyyat müvəffəqiyyətlə tamamlanıb.


ABŞ və Nigeriya birgə əməliyyatında İŞİD-in yüksək rütbəli lideri öldürülüb. ABŞ Prezidenti Donald Tramp və Nigeriya Prezidenti Bola Tinubu İslam Dövləti təşkilatının üst səviyyə liderlərindən olan Abu-Bilal al-Minukiyə qarşı birgə əməliyyat keçirildiyini açıqlayıb. Al-Minuki Çad Gölü hövzəsində həyata keçirilən hücum zamanı öldürülüb. Tramp onu qlobal miqyasda İŞİD-in ikinci ən yüksək rəhbəri kimi xarakterizə edib.


Köç karvanları Xocalının altı kəndinə çatıb. Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonunun altı kəndinə ümumilikdə 41 ailə - 179 nəfər yerləşdirilib. Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə köç edilib. Qayıdanlar arasında 10 övladlı Anar Buludxanovun 12 nəfərlik ailəsi xüsusi diqqət çəkib - ailə Təzəbinə kəndində bərpa olunmuş yeni evinə köçüb.


Parisin Eyfel qülləsində Filistin bayrağı açan altı nəfər saxlanılıb. Hadisə, Filistin xalqının 1948-ci ildən bəri yaşadığı fəlakəti simvolizə edən Nəkbənin 78-ci ildönümü münasibətilə baş verib. "Yox Oluş İsyanı" adlı fəal qrup aksiyaya imza atıb.


ABŞ nümayəndə heyəti Çin səfərində verilən hədiyyələri atıb. Nümayəndə heyəti casusluq riski səbəbilə Çin tərəfinin təqdim etdiyi bütün hədiyyələrdən imtina edib. Delegasiya üzvləri və onları müşayiət edən media nümayəndələri "Air Force One" prezident təyyarəsinə minməzdən əvvəl hədiyyələri özləri ilə aparmayıb.


Ohayo ştatında kiçik təyyarə evin üzərinə düşüb, iki nəfər ölüb. Akron yanğından mühafizə departamentinin məlumatına görə, "Piper PA-28" tipli təyyarə yaşayış ərazisinə düşüb. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırma aparır.