Saat 15:00 - Xəbər İcmalı
Pentaqon İrana qarşı hədəf siyahısı hazırlayıb. CNN telekanalı öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı verəcəyi təqdirdə zərbə endiriləcək hədəflərin siyahısını artıq hazırlayıb. Mayın 17-də Tramp Virciniya ştatındakı qolf klubunda milli təhlükəsizlik komandası ilə görüş keçirib. Bu xəbər fonunda İran İnqilab Keşikçiləri Ordusunun Dəniz Qüvvələri Komandanlığı Hürmüz Boğazında keçişləri idarə etmək üçün yeni struktur yaratdığını elan edib. Strateji enerji və ticarət yolu üzərində nəzarətin gücləndirilməsi bölgədə gərginliyin artdığına işarə edir.
Geosiyasi gərginlik kriptovalyuta bazarına da təsir göstərib. Trampın İrana göndərdiyi xəbərdarlıqdan sonra Bitcoin 77 min dollara qədər düşüb. ABŞ prezidentinin "saatın tik-tik səsi" adlandırdığı ifadəsi riskli aktivlərə olan tələbi azaldıb və bazarda geniş miqyaslı satışlara səbəb olub. Ethereum da daxil olmaqla digər kriptovalyutalarda da kəskin geriləmə müşahidə olunub.
Şərqi Qüdsdə gərginlik davam edir. İsrail polis qüvvələrinin müşayiəti ilə 263 İsrailli Məscidi-Əqsaya daxil olaraq provokativ hərəkətlər həyata keçirib. Filistin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, qrup əl-Məğaribə qapısından Hərəmi-Şərif ərazisinə giriş edib. Eyni zamanda, BMT-nin Viyana Ofisində keçirilən Filistin Dostluq Qrupu toplantısında Filistin xalqının məcburi köçkünlüyü və İsrailin Qəzzada törətdiyi hərəkətlər geniş müzakirə edilib.
Azərbaycan boksçuları Serbiyada 12 medal qazanıb. Belqradda keçirilən 63-cü Winner Beynəlxalq Boks Turnuvasında milli komandamız 4 qızıl, 5 gümüş və 3 bürünc medal əldə edib. Qadın Boks Milli Komandası uğurlu çıxışı ilə komandalar sıralamasında birinci yeri təmin edib.
Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumu beynəlxalq diqqəti cəlb etməyə davam edir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleya sədri Nqa Kor Minq Bakının qlobal şəhər çağırışlarının müzakirə olunduğu platformaya çevrildiyini bildirib. Proqramın keçmiş əməkdaşı Vael əl-Əşhab isə forumun dünyada urbanizasiya səviyyəsinin sürətlə artdığı bir dövrə düşməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
ABD-nin İdaho ştatında hava nümayişi zamanı qəza baş verib. Mountain Home Hava Qüvvələri Bazasında keçirilən Gunfighter Skies adlı hava göstərisində iki hərbi təyyarə havada toqquşub. Pilot və ekipaj üzvləri katapult sistemindən istifadə edərək təyyarələri tərk edib və sağ qalıblar.