Saat 14:00 - Xəbər İcmalı
WUF13 Bakıda davam edir: Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində bir neçə mühüm panel keçirilib. "Şəhərsalmanın yenidən qurulması" mövzusunda təşkil olunan paneldə Azərbaycan və beynəlxalq ekspertlər işğaldan azad edilmiş ərazilərdə şəhər transformasiyası təcrübəsini müzakirə ediblər. Paralel olaraq, Baku Network tərəfindən təşkil edilən "Şəhər strateji sistem kimi" sessiyasında hibrid təhdidlər şəraitində şəhərlərin dayanıqlığı məsələsi gündəmə gətirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə forumun "Uşaq və Gənclərin Dəyirmi Masası" tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların müdafiəsi və onların inkişafı üçün təhlükəsiz mühitin yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Çin ABŞ-ı Tayvan məsələsində xəbərdar edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun mətbuat konfransında ABŞ-ın Tayvan Boğazındakı sülh və sabitliyə hörmət göstərməsini tələb edib. Guo, Çinin ABŞ tərəfindən Tayvana silah satışlarına qarşı mövqeyinin sərt olduğunu bir daha vurğulayıb.
Meta minlərlə işçisini ixtisar edib. Texnologiya nəhəngi bu addımı süni intellekt sahəsinə böyük investisiyaların xərclərini kompensasiya etmək məqsədilə atıb. Şirkət rəhbərliyi işçilərə göndərdiyi elektron poçt mesajında kadr ixtisarının şirkətin daha səmərəli fəaliyyət göstərməsi üçün zəruri olduğunu bildirmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sədr Fərhad Abdullayevin rəhbərliyi ilə iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb. Məhkəmə Mülki Məcəllənin 402-ci maddəsi ilə "Notariat haqqında" Qanunun 74-cü maddəsinin dördüncü hissəsinin şərh edilməsinə dair qərar qəbul edib.
Yaşlılıq və sağlamlıq: İngiltərədə aparılmış geniş tədqiqat mübahisə doğurub. Oxford Uzun Ömür Layihəsi çərçivəsində hazırlanan "Daha Uzun, Daha Yaxşı Yaşamaq" adlı hesabata görə, yaşlılıqda ortaya çıxan sağlamlıq problemlərinin 80 faizi fərdi seçimlərlə bağlıdır. Tibb, fiziologiya və yaşlanma siyasəti üzrə ixtisaslaşmış alimlər tədqiqatın nəticələrini açıqlayıblar.