Saat 14:00 - Xəbər İcmalı
Dünya Sağlamlıq Təşkilatı Konqoda Ebola təhlükəsi barədə xəbərdarlıq edib. DSÖ-nün Baş direktoru Tedros Adhanom Ghebreyesus Cenevrədə bildirdi ki, Konqo Demokratik Respublikasında şübhəli Ebola hallarının sayı 900-ü keçib, bunlardan 101-i rəsmi olaraq təsdiqlənib. Afrika Xəstəlik Nəzarət və Profilaktika Mərkəzi isə Konqo və Uqandadakı epidemiya səbəbindən 10 Afrika ölkəsinin yüksək risk altında olduğunu elan edib. Mərkəzin baş direktoru Jean Kaseya şənbə axşamı keçirilən mətbuat konfransında vəziyyətin ciddiliyini vurğulayıb.
Britaniya müdafiə nazirinin təyyarəsinə radioelektron müdaxilə edilib - Rusiya şübhəli bilinir. Böyük Britaniyanın müdafiə naziri Con Hilinin göyərtəsində olduğu Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında uçuş zamanı radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalıb. "The Times" qəzeti məlumatlı mənbələrə istinadən hadisə barədə xəbər yayıb. Nazir Estoniyaya səfər edirdi.
İsrailin Qazza Zolağına hücumları atəşkəsdən sonra da davam edir. Son 24 saat ərzində endirilib zərbələrdə 6 fələstinli həyatını itirib, 8 nəfər yaralanıb. Qazzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, xəstəxanalara cəsədlər və yaralılar gətirilməyə davam edir.
Azərbaycanın Təbrizdə vəfat edən konsulunun cənazəsi vətənə gətirilib. Yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən konsul Ramil İmranovun cənazəsi Azərbaycana çatdırılıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu barədə məlumat verib. Diplomat bu gün Göyçayda dəfn olunacaq.
Bakıda ər-arvad qətlə yetirilib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə 1997-ci il təvəllüdlü şəxs şübhəli bilinir, polis araşdırma aparır.
NATO Ukraynaya icbari hərbi yardım planını razılaşdıra bilməyib. Böyük Britaniya və Fransa da daxil olmaqla beş ölkə baş katib Mark Rüttenin irəli sürdüyü təklifə qarşı çıxıb. Plan NATO üzvlərinin hər il Ukraynaya yardım üçün milli daxili məhsullarının müəyyən hissəsini ayırmasını nəzərdə tuturdu. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, İran-ABŞ danışıqlarında irəliləyiş olsa da, yaxın zamanda sazişin imzalanması gözlənilmir.