İndi aktual olan suallardan biri də məktəblərin ardınca metroların açıla biləcəyi ilə bağlıdır. Artıq fevralın 15-dən etibarən tədrisin daha bir mərhələsi başlayır, eyni zamanda universitetlər də qismən ənənəvi dərsləri bərpa edirlər. Bununla da ictimai nəqliyyatda daha böyük sıxlıq yaşanacağı gözlənilir. Hazırda da ictimai nəqliyyatlarda sıxlıq yaşanır. İnsanlar avtobuslarda sıx vəziyyətdə, az qala nəfəs-nəfəsə dayanır ki, bu da virusa yoluxma riskini daha da artırmış olur. Nəqliyyat xəttinə metroları əvəz edən avtobuslar daxil edilsə də, göründüyü budur ki, problem həll olunmamış qalır. Bəs metrolar da açıla bilərmi? Metroların hələ də açılmamasının səbəbi nədir?
Zülfüqar Yusifov məsələyə bu cür mövqe bildirdi:
"Bəli, bu gün avtobuslara çox sıxlıq yaşanır. Nəzərə alsaq ki, tezliklə yuxarı siniflərdə, eləcə də universitetlərdə üz-üzə tədris yenidən bərpa olunacaq, deməli ictimai nəqliyyatda sıxlıq daha da artacaq. Avtobuslar bütün bu tələbatı təbii ki, ödəyə bilməz. Bu baxımdan metronun açılması məqsədəuyğundur. Sadəcə metro ilə bağlı problem ondan ibarətdir ki, iddialara görə metro qapalı zona olduğundan orada virusun yayılma təhlükəsi daha çoxdur.
Lakin avtobuslar da axı qapalı zonaya çevrilir və bir neçə saat avtovusda insanlarla bir yerdə olmaq kifayətdir ki, xəstəliyə yoluxasan. Belə çıxır ki, metrolarda daha çox ventilyasiya prosesinin adekvatlığına diqqət etmək lazımdır. Həmçinin hesab edirəm ki, metro vaqonlarının da tutumu nəzər alınmalıdır.
Bəzi ölkələrdə belə bir təcrübə var ki, müəyyən limit dolduqdan sonra metroya giriş müvəqqəti ləngidilir. Yəni bu şəkildə mümkün qədər həyatın bərpa olunmasına çalışmalıyıq. Lakin qeyd etdiyim kimi, qaydalar, məhdudiyyətlər olmalıdır. Onlara əməl etməsək, bu gün əldə etdiyimiz uğurları da sərbəstliyi də yenidən təkrar itirə bilərik”.
Mənbə: "Yeni Müsavat”