"Yatağımda uzanıb dərs keçirdim, əlim bilmədən kamera düyməsinə dəydi..." - Azərbaycanlı müəllimə
"Etiraf edirəm, bir dəfə qızdırmam vardı, başımı çalıb yataqda uzandığım yerdə dərs keçirdim. Birdən əlim dəydi, kamera açıldı, biabır oldum".
Bu sözləri kulis.az-a müəllimələrdən biri deyib. Ölkənin müxtəlif yerlərində yaşayan və işləyən müəllimlərdən onlayn dərslə bağlı maraqlı nüanslar sual olunub. Onların bəzilərinin cavablarını təqdim edirik.
***
Şagird var dərsini bilmir, təbii, danışmaq istəmir, sual verəndə deyir, internetim zəifdir səsinizi yaxşı eşitmirəm. Bəzənsə, doğrudan da belə olur.
***
Bəzi müəllimlər onlayn dərsi daha həvəslə keçir, ona görə ki, valideynlər onu izləyir.
***
Dərs zamanı hər kəs biri-birinin evinin içində olur. Mikrofonu bağlamayanda kimin evində nə söhbət gedirsə, eşidilir. Bir dəfə uşağın atası onu kənara itələyib mayka ilə kamera qarşısına keçdi və məndən nəsə soruşdu. Uşaqları gülmək tutdu. Mən də özümü saxlaya bilməyib güldüm. Təbii ki, atasına görə şagird xeyli utandı.
***
Bir uşaq kameranı bağlayıb görüntüsüz dərsə qoşulmuşdu və yatmışdı. Şirin mışıltısı gəlirdi. Nə çağırırdıq, cavab vermirdi. Amma davamiyyətdə adını qeyd etdim.
***
Bəzən şagird ya yemək yeyir, ya çay içir, sən də ona dərs izah edirsən. Bir dəfə yaxşı oxuyan bir şagirdimə nə qədər dərs izah edirdim, başa düşmürdü. Sonra anladım ki, avtobusla yol gedir və fikrini cəmləyə bilmir. Mənsə, bu tərəfdə özümü öldürürəm.
***
Kənar müdaxilələr asandır. Gözləmədiyin anda nazirlik işçisi, təhsil şöbəsinin işçisi, direktor, müavin, digər müəllimlər dərsə qoşulub səni izləyə bilir. Ancaq ənənəvi dərsdə yoxlama gəlməmiş bilirsən və hazırlaşırsan. Adi qaydada açıq dərsi 10 gün əvvəldən sənə bildirirlər.
***
Şagirdim kameranı bağlayıb dərsi və ya çalışmanı kitabdan oxuyub məni aldatmaq istədi. Bəlkə də əvvəllər bu fırıldaq keçərli olub, bilməmişəm, bu dəfə tutdum.
Təzə-təzə hələ telefonun dilini yaxşı bilmirdim. Uşaqdan soruşdum ki, səsi necə bağlayım? Dedi, qırmızı düyməni bas. Basdım, dərsdən çıxdım. Qayıdıb gəlmək xeyli vaxtımı aldı. Təbii, şagirdi danladım. Amma onlayn sistemdə danlamaq da effektiv deyil. Şagirdlər çəkinmirlər.
***
Bir dəfə oğlan şagird başına yaylıq bağlamışdı. Deyirəm, bu nədir? Deyir, müəllim, evimizdə kombi işləmir, donuram.
***
Bir ailədə iki tələbə, bir müəllim onlayn dərsə qoşulur. Ev balacadırsa, bir otaqlıdırsa, aləm qarışır.
***
Yaxşı oxuyan bir uşaq bir neçə gün dərsə qoşulmadı. Telefonuna zəng etdim. Dedi, atam "vayfay"ın pulunu keçirə bilmir.
***
Bir üstün cəhəti var: nadinc uşaqların mikrofonunu bağlayıb tam səssizə almaq olur, sinifdə bu mümkün deyil.
***
Bir dəfə kameranı açanda şagirdlərin yerində A4 vərəqə çəkilmiş ürək şəkli gördüm. Sonra kənara çəkib gülüşdülər ki, müəllimə, sizi sevirik ona görə belə eləmişik.
***
Şagirdlər onlayn dərsdə ola-ola "vatsap"da yazışırlar. Bir "dərs" də orda gedir və çox zaman şagirdlər üçün bu, daha maraqlı olur.
***
Bir çoxbilmiş şagirdim vardı. Bir telefonla onlayn dərsə girir, digəri ilə kurs dərsində iştirak edirdi. Eyni anda valideynlərini də aldadırdı, müəllimlərini də.
***
Onlayn dərsin ən çətin tərəfi yazı taxtasıdır. Evdə necə edəsən?
***
Mən əyalətdə yaşayıram və işləyirəm. Rayonlarda, kəndlərdə iş çox çətindir. Telefon, internet, şəbəkə, bəzən işıq, adamların lazımı proqramları bilməməsi - hər şey problemdir. Elə ailələr var üç uşaq oxuyur, bir telefonları var. Kompüter və noutbukun isə üzünü görməyiblər.
***
Etiraf edirəm, bir dəfə qızdırmam vardı, başımı çalıb yataqda uzandığım yerdə dərs keçirdim. Birdən əlim dəydi, kamera açıldı, biabır oldum.
***
Mən əlaqəni kəsən düyməni basmamış "tayms" proqramından çıxdım. Bu an həyat yoldaşım gəldi, məişət məsələsi ilə bağlı möhkəm mübahisəmiz düşdü. Əməlli-başlı dalaşdıq. Mənə kobud sözlər dedi. Şagirdlər hamısını eşitmişdi.
***
Bir dəfə bütün şagirdlərin dediklərimə heç bir reaksiya vermədiyini görüb şübhələndim. Məlum oldu ki. sözü bir eləyib səsimi bağlayıblar.
***
Yaşlı müəlliməyəm. Dərs vaxtı proqramı işlətməyi uşaqlardan soruşuram. Onlarsa səhv təlimatlar verib başıma oyun açırlar. Əsəbiləşirəm. Onlayn dərs mənim üçün işgəncədir. Axırıncı dəfə mənə baxıb gülürdülər. Gedib güzgüdə üzümə baxdım. Hər şey qaydasında idi. Sonra içlərindən bir insaflısı izah etdi ki, müəllimə, kameranı aşağı sal, arxadan çilçırağın işığı düşür, saçların pırtlaşıq görünür.
***
Mənə nə maraqlı gəlir, əvvəllər uşağa deyirdik, telefonu yerə qoy, dərsini oxu, indi deyirik, telefonu götür dərsini oxu.
***
Şəxsən mən onlayn dərslərin bitməsini istəmirəm. Evdə rahat divanda otururam, çayımı qabağıma qoyub dərsimi keçirəm. Geyin, dayanacaqda gözlə, avtobusla yol get... Gözünə durur adamın...
Oxşar xəbərlər
"Dərs vaxtı"nın sabah üçün cədvəli
SON Xəbər
“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi
Son Xeberler
Noyabrda 18 gün dərs olmayacaq
Xəbər Anı
"Dərs vaxtı"nın 15 sentyabr cədvəli
Son Xeberler
Teledərslərin sabaha olan cədvəli
Son Xeberler
Teledərslərin oktyabrın 8-nə olan cədvəli
Son Xeberler