
326 milyonluq qaçaqmalçılıq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılan külli miqdarda qaçaqmalçılıq işi üzrə şübhəli bilinən şəxslərin məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində hökm oxundu.
Məhkəmənin qərarına əsasən, üç şəxs uzun müddətə azadlıqdan məhrum edilib. Zöhrab Hidayətov 9 il, Elvin Şirinov 8 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə həbs cəzası alıb. Bu şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurdular. Onlar 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulu düzgün bəyan etməyərək ölkədən çıxarmaqla qaçaqmalçılıq etməkdə təqsirli biliniblər. Bu qanunsuz əməllər nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, yəni kölgə iqtisadiyyatının qurulması üsulu olub.
İstintaq materialları göstərir ki, bu maxinasiyanın əsas təşkilatçısı Zöhrab Hidayətov olub. O, müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən ixracını saxta yolla təmin edirdi. Hidayətov bu məqsədlə sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından istifadə edirdi. O, gömrük orqanlarına saxta sənədlər təqdim edərək, ixrac üçün nəzərdə tutulan bu məhsulların guya həmin şəxslər tərəfindən istehsal edildiyini göstərirdi. Beləliklə, məhsullar düzgün bəyan edilmədən xaricə çıxarılırdı və bu da 326 milyon manatdan çox qanunsuz əməliyyatların aparılmasına səbəb olmuşdu.
Təqsirləndirilən şəxslərdən biri olan Elvin Şirinovun fəaliyyəti diqqət çəkən detallarla yadda qalıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı" hesabatları Elvin Şirinovun 2021-ci ildə qeyri-dövlət ixracatçıları arasında yer almadığını göstərir. Ancaq o, 2023-cü ildə qəfil yüksəliş nümayiş etdirərək, qeyri-dövlət ixracatçı subyektlərin sıralamasında birinci yerə qalxmışdı. Mətbuat orqanları bu reytinq sıçrayışına təbii olaraq suallar vermişdilər, çünki 2700187092 VÖEN-li bu fərdi sahibkarın heç "kiçik bir torpaq sahəsi belə yox idi." DTX-nin apardığı araşdırma müəyyən etdi ki, Şirinov Zöhrab Hidayətovun qurduğu kölgə iqtisadiyyatı sxeminin iştirakçısıdır. Bu cür maxinasiyalar xarici valyutanın kənd təsərrüfatı mallarının satışı adı altında ölkədən çıxarılmasına xidmət edir, lakin qanunvericiliyin tələblərinə zidd olaraq bu valyuta sonradan ölkəyə geri qaytarılmır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsl...
Azəri Xəbər

Ramin Qurbanova hökm oxundu
Bugun.az

Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nin həbs...
Azəri Xəbər

Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar et...
Azəri Xəbər

Maştağada tanışını qətlə yetirən şəxsə hökm oxunub
Azəri Xəbər

Dörd milyonluq dələduzluqda ittiham olunan Nizami...
Azəri Xəbər



