"Atletik"ə qarşı oynamış millinin sabiq futbolçusu: "Bütün Azərbaycan "Qarabağ"dan qələbə gözləyir"

22.10.2025 09:27 6 baxış sayı 2 dəq. oxuma Report
"Atletik"ə qarşı oynamış millinin sabiq futbolçusu: "Bütün Azərbaycan "Qarabağ"dan qələbə gözləyir"

Bütün Azərbaycan ictimaiyyəti UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyanın "Atletik" klubuna qarşı oynayacaq "Qarabağ"dan qələbə gözləyir. Bu fikri Azərbaycan millisinin sabiq futbolçusu Elnur Abdullayev səsləndirib.


Abdullayev 2015/2016 mövsümündə "İnter"in (indiki "Şamaxı") heyətində "Atletik"ə qarşı meydanda olmuşdu. Sabiq yarımmüdafiəçi Ağdam təmsilçisinə uğurlar arzulasa da, bu oyunun çox çətin keçəcəyini bildirib. O, qeyd edib ki, "Qarabağ" hazırda üstün vəziyyətdədir, çünki İspaniyaya 6 xalla yollanıb. Lakin rəqibin yaxşı kollektiv olduğunu yaddan çıxarmaq olmaz. Elnur Abdullayev "Atletik"in hazırkı vəziyyətini şərh edərək deyib ki, İspaniya klubu əvvəlki iki oyunda məğlubiyyət yaşadığı üçün bu matç onlar üçün demək olar ki, həlledici final matçıdır. Əlavə çətinlik ondan ibarətdir ki, oyun məhz rəqibin evində keçiriləcək. Veteran futbolçu vurğulayıb ki, "Atletik" indi daha güclü bir komandadır. Xüsusilə İnyaki və Niko Uilyams qardaşları kimi təhlükəli oyunçuları var. Klub əsasən təmsil etdikləri bölgənin oyunçularına üstünlük verir.


Sabiq futbolçu "Qarabağ"ın potensial üstünlüyünə də toxunub. O, "Qarabağ"ın səfərdə daha yaxşı çıxış etdiyini deyir. Abdullayev bütün səfər oyunlarını izlədiyini bildirib. Bakıda azarkeş təzyiqi və digər səbəblərdən komanda həyəcanlana bilir, ancaq səfərdə daha uğurlu nəticələr göstərir. Elnur Abdullayev düşünür ki, komanda bu gün uduzmayacaq. O, "Qarabağ"ın öz oyunu ilə azarkeşləri həmişə qələbəyə inandırdığını vurğulayıb. Qeyd edək ki, "Atletik" və "Qarabağ" arasındakı qarşılaşma Bilbaodakı "San Mames" stadionunda Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: