Avropa reallığı gördü: Azərbaycanın gücü dəyərlidir

04.12.2025 19:57 3 baxış sayı 3 dəq. oxuma Report
Avropa reallığı gördü: Azərbaycanın gücü dəyərlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Almaniyaya səfəri nəzərdə tutulur. Səfər zamanı Ermənistan-Almaniya ikitərəfli münasibətləri, Cənubi Qafqazda vəziyyət, həmçinin Azərbaycanla sülh və normallaşma prosesinin müzakirə edilməsi gözlənilir. Lakin səfər öncəsi baş verən diplomatik addım regionda Bakının artan əhəmiyyətini bir daha göstərdi. Almaniya Kansleri Fridrix Merts Nikol Paşinyana deyil, məhz Prezident İlham Əliyevə zəng etdi. Bu addım Azərbaycanın gücünün dəyərli olduğunu və ölkəmizin Cənubi Qafqazda söz sahibi mövqeyini təsdiqləyir.


Dünya siyasətində öz yeri və rolu olan Almaniyanın Ermənistan dövlət rəsmilərindən əvvəl Cənubi Qafqazdakı vəziyyəti məhz Azərbaycanla müzakirə etməsi rəsmi Bakının sülh gündəliyindəki danılmaz rolunu vurğulayır. Avropa regional sülh təşəbbüslərinin müəllifi kimi məhz Azərbaycanı tanıyır və ona dəstək verir. Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında aparılan müzakirələr dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət strategiyasının təntənəsidir. Kanslerin İlham Əliyevi Almaniyaya səfərə dəvət etməsi Azərbaycan Prezidentinə olan hörmət və ehtiramın ifadəsidir. Almaniya dərk edir ki, Azərbaycan Prezidentinin Cənubi Qafqaz üçün formalaşdırdığı sülh modeli regionun parlaq gələcəyinə və dayanıqlı inkişafına zəmin yaradır.


Diplomatik danışıqların fonunda, bir neçə gün əvvəl hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müdafiəsinə nüfuzlu Qərb dövlətlərinin qalxacağı barədə əsassız iddialara son qoyuldu. Bu siyasətçinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olduğu nəzərə alınsa, onun Avropa üçün maraqlı olmadığı görünürdü. Avropa bundan əvvəl qanun pozuntularına görə həbslər zamanı qərəzli açıqlamalarla çıxış edərək Azərbaycanı guya insan hüquqlarını pozan ölkə kimi qələmə verirdi. Lakin indiki halda bu cür qərəz müşahidə olunmur. Çünki Azərbaycan dövlət qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilmiş prosedurları yerinə yetirib. Əli Kərimli vəkillə təmin edilib və tibbi müayinədən keçirilib.


Vətənə və dövlətə xəyanət mövqeyində dayanan, bəzi xarici qüvvələrin sifarişini yerinə yetirən bu kimi şəxslərin həbsinə Avropanın müdaxiləsinə artıq ehtiyac qalmır. Bu, Qərbin Azərbaycanın daxili məsələlərinə yanaşmasında obyektivliyin artdığını göstərir. Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda yeni bir inkişaf dövrünə qədəm qoyur. Azərbaycan əvvəlki illərdə olduğu kimi, bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli və güclü tərəfdaş olacaq.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: