🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azərbaycan 62 xarici tələbəyə təqaüd verəcək

14.10.2025 06:37 12 baxış sayı 2 dəq. oxuma
Azərbaycan 62 xarici tələbəyə təqaüd verəcək

2025–2026-cı tədris ili üçün nəzərdə tutulan “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində cəmi 62 xarici vətəndaş Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb.


Bu barədə məlumat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yayılıb.


Məlumatda qeyd olunur ki, təqaüd qazanan tələbələrdən 23 nəfəri Çin Xalq Respublikasını, 11 nəfəri Qazaxıstanı, 4 nəfəri Tacikistanı, digər 4 nəfəri Qırğızıstanı, 20 nəfəri isə Somali Federativ Respublikasını təmsil edir. Bu göstərici ötən illə müqayisədə ciddi 32 faiz artım deməkdir.


Proqram çərçivəsində əcnəbi tələbələr bir sıra nüfuzlu təhsil ocaqlarında – o cümlədən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilə başlayacaqlar.


Tədris proqramları humanitar və sosial elmlər, təhsil sahəsi, tibb, iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, habelə mədəniyyət və incəsənət kimi geniş sahələri əhatə edəcəkdir.


Xatırladaq ki, Azərbaycanda xarici vətəndaşların təhsillə bağlı müraciətləri və prosesləri “Study in Azerbaijan” platforması vasitəsilə daha sistemli və əlçatan şəkildə həyata keçirilir.


Paylaş: