
Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji körpüyə çevrilir - ŞƏRH

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri son illərdə iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığı artırır. Birgə enerji layihələri, ticarət dəhlizləri və regional infrastruktur təşəbbüsləri iki bölgənin bir-birinə inteqrasiyasını dərinləşdirir. Bu əlaqələr iqtisadi inkişafı və enerji təhlükəsizliyini yüksəldir, həm də siyasi və diplomatik münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu genişlənmə prosesində Azərbaycanın xüsusi çəkisi və rolu var. Ölkə Avrasiyada gedən böyük geosiyasi dəyişikliklərin mərkəzində dayanır. Qlobal nizamda yeni güc balansının yaranması, Şərq-Qərb istiqamətində ticarət və enerji xəritəsinin yenilənməsi, region dövlətləri arasında əlaqə ehtiyacının çoxalması Azərbaycanı daha vacib aktora çevirib. Coğrafi mövqeyinə və inkişaf etmiş infrastruktura görə, ölkə karbohidrogen və bərpaolunan enerji resurslarının Mərkəzi Asiyadan Avropaya Cənubi Qafqazdan keçməklə çatdırılmasını mümkün edir. Bakı regional əməkdaşlıq və ticarət üçün etibarlı qovşaq kimi çıxış edir, iki region arasında inteqrasiyanı gücləndirir.
Bu rol Azərbaycanı sadəcə tranzit ölkəsi deyil, həm də regional enerji və iqtisadi lider kimi göstərir. Son aylarda reallaşan yüksək səviyyəli görüşlər, imzalanan sazişlər və Azərbaycanın altı ölkəni birləşdirən regional formatlara qoşulması bu rolun ölkənin məqsədyönlü və ardıcıl strategiyasının nəticəsi olduğunu təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tam hüquqlu üzv kimi qəbul edilməsi regional inteqrasiya proseslərinin vacib mərhələsidir. Bu qərar Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı ilk dəfə rəsmi institusional çərçivədə birləşdirdi və Azərbaycanı bu iki bölgənin qovşağı kimi rəsmən tanıtdı. Mərkəzi Asiya ölkələrinin Bakını C6 formatına dəvət etməsi Azərbaycanın region üçün etibarlı tərəfdaş, stabil inkişaf modeli və strateji körpü rolunda qəbul edildiyini göstərir. Bu inteqrasiya iqtisadi, siyasi və təhlükəsizlik sahəsində yeni əməkdaşlıq şanslarının açılmasına xidmət edir.
Azərbaycanın iki region arasında strateji körpü rolu xüsusən nəqliyyat və enerji sektorlarında özünü daha aydın göstərir. Uzun müddətdir regional və qlobal nəqliyyat layihələrinə imza atan rəsmi Bakı Avrasiyanın ticarət arteriyalarının mərkəzi sayılır. Əgər bu gün dünyada ən çox müzakirə edilən marşrut Orta Dəhlizdirsə, onun Azərbaycandan keçməsi bu tranzit yolunu daha səmərəli və faydalı edir. Xəzər hövzəsində bərə daşımalarının gücləndirilməsi, liman infrastrukturunun inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi və ölkədə multimodal loqistika mərkəzlərinin yaradılması Azərbaycanı Şərqlə Qərb arasında ən sürətli və etibarlı tranzit zonasına çevirib. Təsadüfi deyil ki, Mərkəzi Asiya ölkələri yüklərinin böyük bir hissəsini məhz Azərbaycan vasitəsilə Avropaya daşımaqda daha böyük fayda gördüklərini vurğulayırlar. Məsələn, 2019-cu ildə ölkənin tranzit yük həcmi 8.567 milyon ton idisə, 2023-cü ildə bu rəqəm 17.433 milyona çatıb. Cari ilin ilk doqquz ayında isə Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə 24.154 milyon yük ötürülüb.
Nəqliyyat sahəsindən əlavə, Azərbaycan həm də Avropanın və Mərkəzi Asiyanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilib. Ölkə rəhbərinin postmüharibə dövründəki uzaqgörən iqtisadi islahatları enerji sektoruna xüsusi diqqət ayırdı. Nəticədə Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda "yaşıl enerji" layihələrinin də lokomotivinə çevrilib. Xəzər hövzəsində bərpaolunan enerji potensialının birgə istifadəsi, Qazaxıstan və Özbəkistanın yaşıl enerji resurslarının Azərbaycandan keçməklə Avropaya çatdırılması kimi planlar real layihələr səviyyəsində müzakirə olunur. Azərbaycanın enerji diplomatiyası həm ənənəvi karbohidrogen marşrutlarını gücləndirir, həm də alternativ enerji ixrac yollarının qurulmasını paralel şəkildə həyata keçirir. Bu, ölkəni enerji ötürülməsi baxımından əvəzolunmaz bir hala gətirir. Məsələn, bu ilin yay aylarında Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında razılaşma əsasında "Yeni enerji körpüsü" ortaq təşəbbüsü yaradıldı. Bu körpü bərpaolunan elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur. Layihə Mərkəzi Asiyanın külək və günəş enerjisi potensialının Avropaya çatdırılması üçün Azərbaycanın tranzit mövqeyini daha da yüksəldəcək.
Diplomatik səviyyədə Azərbaycanın fəallığı regiondakı proseslərin koordinasiyasını asan edir. Bakı həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə intensiv siyasi dialoq apararaq Mərkəzi Asiya dövlətlərini Cənubi Qafqaza bağlayan siyasi platformaya çevrilib. Bu görüşlərdə təkcə iqtisadi məsələlər deyil, təhlükəsizlik, sərmayə əməkdaşlığı, humanitar əlaqələr və rəqəmsal transformasiya kimi geniş mövzular müzakirə olunur. Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq mexanizmləri region ölkələrinin maraqlarına uyğun gəldiyi üçün bu təşəbbüslər sürətlə dəstək qazanır. İqtisadi proqnozlar yaxın illərdə Orta Dəhlizlə daşınan yüklərin həcminin bir neçə dəfə artacağını göstərir. Yeni sərbəst ticarət zonalarının yaradılması, investisiya fondlarının təsis edilməsi, birgə sənaye parklarının qurulması yaxın gələcəkdə reallaşacaq layihələrdir. Qısası, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa üçbucağında Azərbaycan enerji tranziti və nəqliyyat dəhlizləri baxımından strateji mərkəzə çevrilir. Rəsmi Bakı Avrasiyada yeni əməkdaşlıq modelinin əsas memarıdır, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını iqtisadi, siyasi, enerji və mədəni baxımdan birləşdirir.
Neft-qaz sektoru və energetika mənim əsas mövzularımdır. SOCAR və digər energetika şirkətlərinin fəaliyyətini izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Gələn ay “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Də...
Azəri Xəbər

Azərbaycana Mərkəzi Asiya Məşvərət Görüşlərinin ta...
Azəri Xəbər

Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görü...
Bugun.az

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçıl...
Azəri Xəbər

Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir...
Azəri Xəbər

Azərbaycan Prezidenti: Azərbaycanla Mərkəzi Asiya...
Azəri Xəbər



