Azərbaycan Prezident İlham Əliyevin liderlik modeli ilə hər bir çətinliyi aşmağı bacardı – ŞƏRH

22.11.2025 13:17 11 baxış sayı 5 dəq. oxuma Trend
Azərbaycan Prezident İlham Əliyevin liderlik modeli ilə hər bir çətinliyi aşmağı bacardı – ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində Ukraynada baş verən hadisələr bu gün dünya nizamı üçün təhlükəsizlik arxitekturasının nə qədər kövrək olduğunu göstərir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli Trend-ə açıqlamasında bildirib ki, bu faciənin kökündə təkcə regional güclərin maraqlarının toqquşması yox, həm də dövlət idarəçiliyi və siyasi liderlik səviyyəsində buraxılmış strateji boşluqlar dayanır. Ukraynanın yaşadığı böhran beynəlxalq hüququn selektiv tətbiqi, qlobal güc mərkəzlərinin ikili standartları və ən əsası, milli maraqları qətiyyətlə müdafiə edə bilən liderliyin olmamasının acı nəticələrini ortaya qoyur. Bu reallıq göstərir ki, hər bir ölkə üçün liderlik, təhlükəsizlik və strateji düşüncə amilləri həyati əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə keçdiyi yol məhz bu kontekstdə xüsusi diqqət çəkir.


Deputat vurğulayıb ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqları ilə bağlı mövqeyi beynəlxalq hüquqa tam uyğun idi. Rəsmi Bakı daim qəbul edilmiş BMT qətnamələrinin icrasını tələb edir, haqlı mövqeyini beynəlxalq tribunalarda səsləndirirdi. Lakin özlərini demokratiya, insan hüquqları və beynəlxalq təhlükəsizlik sisteminin zəmanətçisi adlandıran qüvvələr sanki bu səsi eşitmək istəmirdilər. Onlar status-kvonun qorunması üçün müxtəlif siyasi, diplomatik və informasiya mexanizmlərini işə salır, Ermənistanın işğalçı siyasətini faktiki olaraq qanuniləşdirməyə çalışırdılar. Bu, təkcə ədalətsizlik deyil, həm də beynəlxalq sistemin selektiv yanaşmasının növbəti sübutu idi. Belə bir şəraitdə Azərbaycanın qarşısında yalnız bir yol qalırdı: prinsipial, ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət xəttini yorulmadan davam etdirmək.


Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirərək, mürəkkəb və ədalətsiz geosiyasi mühitdə Azərbaycanı gücləndirmək üçün siyasət yürütməyə başladı. Bu siyasət dövlətin siyasi, hərbi və iqtisadi potensialını yüksəltmək məqsədi daşıyırdı. Bu siyasətin əsas xüsusiyyətləri bir neçə amildən ibarət idi. Birinci amil atılan bütün addımların məqsədyönlü olması idi; Azərbaycanın milli gücü ardıcıl olaraq artırılır, ordu quruculuğu, diplomatik fəaliyyət və iqtisadi müasirləşmə paralel aparılırdı. Digər önəmli faktor prinsipiallıqdır; Prezident İlham Əliyev işğalla barışmayan ölkə rəhbəri kimi torpaqların Ermənistan tərəfindən təklif edilən “daimi status-kvo”ya qurban verilməsinə imkan verməyəcəyini daim bəyan edirdi. Praqmatiklik də əsas faktorlardan idi. Prezident Əliyev beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət yürüdür, lakin milli maraqların qorunması prinsipini dəyişməz saxlayırdı. Nəhayət, qətiyyət mühüm əhəmiyyət kəsb edirdi. Bu liderlik modeli öz xalqının maraqlarını hər şeydən üstün tutan, emosiyadan deyil, hesablanmış qərarlardan çıxış edən strateji dövlət rəhbərinə tam uyğundur.


E. Mirzəbəyli əlavə edib ki, 2020-ci il Vətən müharibəsi və ondan sonrakı antiterror tədbirləri Azərbaycanın milli gücünün zirvəsi oldu. Azərbaycan heç kimdən yardım almadan, xarici hərbi qüvvələrə söykənmədən, yalnız öz iqtisadi, hərbi, diplomatik və siyasi gücünə arxalanaraq ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu, postsovet məkanında analoqu olmayan bir hadisədir. Azərbaycan nəinki işğala son qoydu, həm də regionda yeni geosiyasi reallıq yaratdı. Bu nəticə təkcə hərbi qələbə deyil, həm də liderliyin gücü, strateji düşüncə və xalqa arxalanan dövlət iradəsinin qələbəsidir. Ukraynanın yaşadığı faciənin əsas səbəblərindən biri məhz güclü strateji liderliyin olmamasıdır; onların təhlükəsizlik konsepsiyası parçalanıb, vahid strateji xətt sıradan çıxıb. Azərbaycan nümunəsi göstərir ki, güclü liderlik millətin və dövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Tarixi uğurlarımız sübut edir ki, güclü, xarizmatik, strateji baxışlı və vətənpərvər lider dövlətin ən böyük sərvətidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu liderlik modeli ilə hər bir çətinliyi yenməyi bacardı, öz gücü və iradəsi ilə tarixə yazılan zəfərin müəllifi oldu.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: