Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

01.11.2025 12:04 5 baxış sayı 3 dəq. oxuma APA
Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Keniyanın paytaxtı Nayrobida Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəz Xarici İşlər Nazirliyinin nəzdində işləyən AİDA-nın beynəlxalq inkişafa yardım siyasətinin bir hissəsidir. Mərkəz gənclərin bacarıqlarını və cəmiyyətdəki rolunu artırmaq, liderlik qabiliyyətlərini inkişaf etdirmək məqsədini daşıyır. Onun əsas hədəfi gənclərin uğurlu karyera qurması üçün səyləri dəstəkləməkdir.


Mərkəzin açılış mərasimi noyabrın 1-də "Beynəlxalq Gənclər Şəbəkəsi" ictimai birliyi və Keniya Xüsusi Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə layihənin təşəbbüskarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AİDA-nın direktoru Elməddin Mehdiyev və Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev iştirak ediblər. Şarlin Ruto bir neçə dəfə səfərdə olduğu Azərbaycanın inkişafı, milli-mənəvi dəyərləri və inkişaf etməkdə olan ölkələrə verdiyi dəstək haqqında danışdı. O, ölkəmizin nailiyyətlərinin hər bir xalq və dövlət üçün ilham mənbəyi olduğunu vurğulayıb. Şarlin Ruto Gənclərin Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə etdi. O, bu layihələrin, eləcə də "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramının xalqlarımız arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu bildirdi.


AİDA-nın direktoru E. Mehdiyev Azərbaycanın bu layihəyə verdiyi dəstəyin, təhsil təqaüdlərinin və Keniyada həyata keçirilmiş digər humanitar layihələrin iki ölkə arasında inkişaf edən münasibətlərin tərkib hissəsi olduğunu söylədi. Səfir S. Hacıyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Keniya Respublikasının Prezidenti cənab Uilyam Samoei Rutonun cari ilin sentyabrın 23-də BMT Baş Assembleyası çərçivəsində keçirilən görüşünün siyasi əhəmiyyətini xüsusi qeyd etdi. O, AİDA xətti ilə reallaşan layihələrdən əlavə, Heydər Əliyev Fondunun da fəaliyyət göstərdiyini dedi. Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinə və ölkənin bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə texniki təchizat yardımı göstərilib.


Azərbaycan nümayəndə heyəti səfər zamanı bir sıra ikitərəfli görüşlər keçirib. Bu görüşlər zamanı müxtəlif istiqamətlər üzrə, o cümlədən humanitar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olundu. Gənclərin Liderlik və İnnovasiya Mərkəzinin açılması və verilən davamlı yardımlar Azərbaycan ilə Keniya arasındakı münasibətlərin dərinləşməsində böyük rol oynayır.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: