Azərbaycanın Fransadakı səfiri Kolombe-le-Dö-Eqliz şəhərinin meri ilə görüşüb (FOTO)

27.11.2025 10:07 8 baxış sayı 5 dəq. oxuma Trend
Azərbaycanın Fransadakı səfiri Kolombe-le-Dö-Eqliz şəhərinin meri ilə görüşüb (FOTO)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Kolombe-Le-Dö-Eqliz şəhərinin meri Paskal Babuo ilə görüşüb. Bu görüşdə iki ölkə arasındakı münasibətlərdən danışılıb. Səfir general Şarl dö Qolun 1944-cü il noyabrın 27-də Bakıya etdiyi tarixi səfəri xatırlatdı. Mer öz növbəsində nümayəndə heyətini səmimi qarşıladı və şəhərin fəaliyyəti haqqında məlumat verdi. Leyla Abdullayeva daha sonra Azərbaycanın müasir siyasi tarixində dövlətçilik salnaməsinə adı əbədi həkk olunmuş Ulu Öndər Heydər Əliyevin rolundan bəhs etdi. Səfir bildirib ki, Əliyevin Azərbaycan üçün rolu, dövlətin taleyini həlledici məqamlarda dəyişdirməsi, milli kimliyi və suverenliyi qoruması çox vaxt Fransanın tarixində müstəsna yeri olan general Şarl dö Qolun fəaliyyəti ilə müqayisə edilir.


Bu müqayisə təsadüfi deyil, çünki hər iki lider öz ölkələrinin müstəqillik, təhlükəsizlik və dövlətçilik yolunda dönüş nöqtəsi yaradan tarixi simalardır. Şarl de Qol İkinci Dünya müharibəsinin ən ağır dövrlərində Fransanın mübarizə ruhunu qoruyaraq ölkəni yenidən dirçəltdi. Heydər Əliyev isə 1990-cı illərin mürəkkəb, xaotik və təhlükəli şəraitində Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. O, separatizm, siyasi böhran, iqtisadi tənəzzül və xarici təzyiqlərin kəsişdiyi dövrdə ölkənin sükanını öz üzərinə götürdü. Əliyev bu yolla dövlətin varlığını qoruya bildi. Hər iki liderin ortaq cəhəti kritik anlarda cəsarətli və birmənalı qərarlar vermək qabiliyyəti idi. De Qol Fransanın dövlət institutlarını yenidən quraraq V Respublikanın əsasını qoymuşdu.


Heydər Əliyev isə Azərbaycan üçün tamamilə yeni siyasi və iqtisadi model yaratdı. O, dövlət idarəçiliyində sabitliyi təmin etdi. Şarl dö Qol böyük güclərə tabe olmamaq kimi müstəqil siyasət yürüdərək dünya diplomatiyasında xüsusi yer tuturdu. Heydər Əliyev də eyni prinsipial mövqeyi Azərbaycanın xarici siyasətində tətbiq etdi. O, balanslı, çoxşaxəli və milli maraqlara söykənən siyasətin əsasını qoyub. Məhz bu siyasət sayəsində Azərbaycan bu gün beynəlxalq arenada nüfuzlu bir aktor kimi tanınır. Tərəflər görüşdə vurğulayıblar ki, necə ki Dö Qol fransız xalqının milli birliyini bərpa etmişdi, Heydər Əliyev də Azərbaycan cəmiyyətində parçalanmanın qarşısını alaraq milli həmrəyliyi möhkəmləndirdi. Onun hakimiyyəti illərində vahid Azərbaycan ideyası yenidən dirçəldi.


Səfir Leyla Abdullayeva qeyd etdi ki, bu gün demokratiya yolunda irəliləyən Azərbaycan qonşu ölkələrlə sülh şəraitində yaşamaq istəyir. Görüş zamanı mer səfiri Ş. Dö Qolun seçkilər zamanı səs verdiyi otağa dəvət etdi. Azərbaycan səfiri xatirə kitabına ürək sözlərini yazdı. Abdullayeva Şarl de Qolun Bakı səfərinin şərəfinə, üzərində Azərbaycan gerbi və generalın Bakı səfərindən şəklinin əks olunduğu xüsusi bir hədiyyəni merə təqdim etdi. Bu hədiyyə tarixi səfərin xatirəsini yaşatmaqla yanaşı, Azərbaycan ilə Fransa arasında qarşılıqlı hörmətin rəmzi kimi böyük maraqla qarşılandı.


Sonra nümayəndə heyətləri birlikdə Şarl dö Qolun məzarını ziyarət etdilər. Səfir Leyla Abdullayeva və səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev generalın qəbri üzərinə əklil qoydular. Səfər çərçivəsində Azərbaycan səfiri həmçinin “Souvenir Français” təşkilatının nümayəndələri ilə görüşdü. Görüşdə Azərbaycan əsgərlərinin İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda Müqavimət Hərəkatında fransızlarla çiyin-çiyinə mübarizə apardığı xüsusi vurğulandı. Bugünkü Fransanın azadlığında azərbaycanlı əsgərlərin də payı olduğu diqqətə çatdırıldı. Səfirliyin nümayəndə heyəti yerli təşkilat nümayəndələri ilə birlikdə Ş. Dö Qolun evini, xatirə memorialını və muzeyini də ziyarət etdilər. Generalın Bakı səfərinin şərəfinə hazırlanan xüsusi hədiyyə daha sonra muzeyə təqdim edildi.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: