Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Aİ rəsmilərinə açıq məktub ünvanlayıblar

05.12.2025 19:07 6 baxış sayı 4 dəq. oxuma Report
Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Aİ rəsmilərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) yüksək rəsmilərinə müraciət ediblər. Müraciət Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya, habelə İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə ünvanlanıb.


Bu müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması xəbəri vurğulanıb. Bu addım Azərbaycan ictimaiyyətində böyük narazılıq və çaşqınlıq yaradıb. Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında çalışan Forumun bu qərarı ciddi suallar doğurur. Kollec təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini müdafiə etdiyini iddia edir. Lakin bu addım Avropanın dəstəklədiyi bütün platformalardan ədalət gözləyən Azərbaycanın itkin düşən şəxslərinin ailələrini Aİ-nin öz prinsiplərinə sadiqliyi barədə şübhələndirib.


Terrorçu qrup hesab edilən bir qurumun üzvü və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı Foruma qəbul edilməsi, Qarabağın itkin ailələrini dərindən məyus edib. Bu ailələr onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqətini çəkmək üçün Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirmişdilər. Müraciətdə diqqətə çatdırılıb ki, M.Melkonyan 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak edib, ağır hərbi cinayətlər törədib, lakin Ermənistanda hələ də qəhrəmanlaşdırılır. Bu cinayətləri törətməzdən əvvəl o, 70-80-ci illərdə Avropada türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələr saxlayıb. Bu faktlar M.Melkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisidir.


Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Forumun M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə üzvlük statusu verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağını gözlədiklərini vurğulayıblar. Onlar bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə demək olduğunu bilmədikləri təqdirdə, onları M.Melkonyanın Kəlbəcərin işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar. Müraciətdə qeyd olunur ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin silahlı işğalında iştirak edən və ciddi hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin qəhrəmanlaşdırılması davam edir. Eyni zamanda, Aİ-nin Azərbaycanla bağlı, xüsusilə ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili yanaşması müşahidə olunur. Vətəndaş cəmiyyəti Aİ-ni bu hörmətsiz addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını daşıyan qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırıb. Müraciəti imzalayanlar Mariyana Kuyundiç ilə görüşərək, Avropa Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər. Müraciətə Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli və digər doqquz ictimai birliyin sədri imza atıb.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: