Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar geniş ticarət və nəqliyyat potensialını ortaya qoydu - RƏY

10.11.2025 12:28 5 baxış sayı 5 dəq. oxuma Report
Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar geniş ticarət və nəqliyyat potensialını ortaya qoydu - RƏY

Şanlı zəfərdən sonra Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar həm Avropa ölkələri ilə, həm də Şərqə doğru münasibətlərin inkişafında böyük ticarət və nəqliyyat potensialını ortaya qoydu. Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev "Report"a açıqlamasında bu məqamları dilə gətirib. O bildirib ki, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə əlaqələrində Azərbaycanın sahib olduğu əhəmiyyətli coğrafi mövqe və nəqliyyat infrastrukturunun rolu artır. Bu tranzit yolunun sürətli inkişaf edəcəyini təsdiqləyən hadisələr var. Prezident İlham Əliyevin aprel ayında Çinə səfəri zamanı imzalanmış Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə bəyanat bu yolların gələcəyini işıqlandırır.


Regionlararası əlaqələrin güclənməsi istiqamətində digər mühüm addımlar da atılıb. Ölkə başçısının Qazaxıstana dövlət səfəri çərçivəsində Orta Dəhlizin, yəni Transxəzər beynəlxalq nəqliyyat marşrutunun işinin sürətləndirilməsi əsas müzakirə mövzusu idi. Bu danışıqlar zamanı müəyyən strateji əhəmiyyətli xammal və qiymətli metalların Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsi ilə Avropa və dünya bazarına çatdırılması barədə razılıq əldə edildi. Bu prosesin vacibliyini Qazaxıstan Prezidenti Tokayevin uranın gələcəkdə həm də Azərbaycan üzərindən ixrac edilməsi təklifi də göstərir. Nəzərə alsaq ki, Qazaxıstan dünya uran istehsalının 40 faizini təmin edir və Amerika Birləşmiş Ştatları öz tələbatının təxminən 25 faizini məhz oradan idxal edir, bu marşrutun strateji dəyəri daha aydın görünür.


Məsələ həm də Çin Xalq Respublikasının atdığı addımlara görə aktuallaşır. Cari ilin oktyabr ayının əvvəlindən Çin nadir torpaq elementlərinin və batareya istehsalı üçün lazım olan materialların Avropa İttifaqına ixracına məhdudiyyətlər qoymağa başladı. Avropa İttifaqı ölkələri strateji təyinatlı sənaye məhsullarının istehsalında istifadə olunan nadir torpaq elementlərinin əksər hissəsini Çindən alır. Məsələn, maşınqayırma sahəsində Almaniyanın Çindən asılılığı 2014-cü ildəki 32%-dən 2024-cü ildə 60%-i keçmişdir. Aİ və Çin arasında 2024-cü ildə ticarət dövriyyəsinin 730 milyard ABŞ dollarından çox olduğunu və 300 milyard dollar müsbət saldonun Çinin xeyrinə olduğunu nəzərə alsaq, Avropanın alternativ yollara ehtiyacı çox böyükdür.


Bu səbəbdən Avropa dövlətləri alternativ mənbələr axtarışına başlayıblar. Qazaxıstan və Özbəkistan potensial tərəfdaşlar sırasındadır. Aİ-nin sənaye dövlətləri, xüsusilə Almaniya və Fransa, hərbi sənaye və maşınqayırma sahələrində tələb olunan qiymətli metalların və digər xammalın stabil, alternativ yollarla idxalında maraqlıdırlar. Bu sahədə tələb olunan 39 fərqli qiymətli metalın 9 növünün Avropa ərazisində çatışmazlığı NATO və Aİ tərəfindən rəsmən narahatlıq mənbəyi kimi göstərilib. İlkin hesablamalara görə, Çindən Azərbaycana yük daşımalarının həcmi sürətlə artır və 2030-cu ilədək 2024-cü illə müqayisədə 3 dəfə artması gözlənilir. Dünya Bankı 2030-cu ilədək Orta Dəhlizdən daşımaların həcminin 11 milyon tona çatacağını proqnozlaşdırır. Aİ-nin "Global Gateway" təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya 2030-cu ilədək 12 milyard avro investisiya qoyması planlaşdırılır. Orta Dəhliz və onun mühüm hissəsi olan Zəngəzur dəhlizi hər iki tərəf üçün ortaq maraq mərkəzi ola bilər. Azərbaycanın diplomatik səyləri bu maraqları qarşılıqlı qazanma yanaşması çərçivəsində uzlaşdıra bilər. Prezidentin vurğuladığı kimi, "Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək."


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: