Bakı Musiqi Akademiyasında "Səsimiz səsindir, Humay" yaradıcılıq-xeyriyyə axşamı keçirilib

16.11.2025 13:47 8 baxış sayı 3 dəq. oxuma Report
Bakı Musiqi Akademiyasında "Səsimiz səsindir, Humay" yaradıcılıq-xeyriyyə axşamı keçirilib

Bakı Musiqi Akademiyasında "Səsimiz səsindir, Humay!" adlı yaradıcılıq-xeyriyyə axşamı keçirilib. "Huma Quşu" Təhsilə Yardım Fondunun təşkil etdiyi bu tədbir, keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin mərhum qızı Humay Quliyevanın xatirəsini yaşatmaq məqsədi daşıyır. Gecə rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıqla başladı, daha sonra isə Qarabağ Muğam Qrupu və Muğam televiziya müsabiqəsinin qaliblərinin ifasında konsert proqramı baş tutdu. Tədbirin sonunda əldə edilən bütün vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə dəstək üçün nəzərdə tutulub. Məhz bu səbəbdən, xeyriyyə axşamında iştirak edən Xalq və Əməkdar artistlər, eləcə də gənc ifaçılar səhnəyə təmənnasız çıxdılar. Bakı Musiqi Akademiyası da konsert salonunu pulsuz təqdim etdi.


Fondun prezidenti Şəhla Vəzirova çıxışında qurumun fəaliyyəti haqqında məlumat verdi. O qeyd etdi ki, fondun üç illik işi dövründə 209 min manat məbləğində vəsait müxtəlif xeyriyyə işlərinə və gənclərin təhsilinə xərclənib. Fond il ərzində 59 min manat ianə alıb. Şəhla Vəzirova bildirdi ki, onlar hazırda doqquz fərqli proqram üzrə çalışırlar. Bu ildən etibarən mentorluq proqramını da işə salıblar. Fond tələbələrə bir dəfə təqaüd verməklə kifayətlənmir. Onlarla mütəmadi əlaqə saxlanır, ehtiyacları öyrənir, mentor lazım olduqda onları yönləndirirlər. Mütəmadi təşkil edilən seminarlar, əsasən, maliyyə savadlılığı haqqında olur. Yəni gənclərə pulu necə xərcləməyi də öyrədirlər. Fondun gənclərin inkişafına dəstəyi həm maddi, həm də mənəvi aspektləri əhatə edir.


Fondun prezidenti ADA Universitetində təhsil almaq istəyən, lakin imkanı olmayan gənclər üçün xüsusi proqramlarının olduğunu vurğuladı. Bu il həmin müsabiqəni üç xanım qazandı, onlardan ikisi kənd məktəbində müəllim işləyir. Noyabrın 1-dən isə "Humayın xəyaldan gerçəyə" təqaüd proqramı açıq elan edilib. Ehtiyacı olan tələbələr həmin proqrama müraciət edə bilərlər. Fondun üç illik fəaliyyət dövrü ərzində həyata keçirdiyi proqramlar çərçivəsində ümumilikdə 45 tələbənin təhsilinə dəstək göstərilib. Bugünkü xeyriyyə axşamından bilet və rəsmlərin satışından əldə edilən vəsait istedadlı gənclərin təhsilinə dəstək olmaq məqsədini daşıyır. Bu cür tədbirlər xeyriyyə məqsədlərini yerinə yetirməyə kömək edir.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: