Bakıda həkimləri heyrətləndirən yeniyetmə - Bağırsağından taxta çıxdı (FOTO)

23.10.2025 05:55 6 baxış sayı 2 dəq. oxuma Trend
Bakıda həkimləri heyrətləndirən yeniyetmə - Bağırsağından taxta çıxdı (FOTO)

Kliniki Tibbi Mərkəzdə (KTM) həkimləri heyrətləndirən nadir bir cərrahiyyə əməliyyatı icra edilib. 2008-ci il təvəllüdlü bir yeniyetmə 14 oktyabr 2025-ci il tarixində qarın nahiyəsində şiddətli ağrı, ürəkbulanma, davamlı qusma və yüksək hərarət şikayətləri ilə Təcili Yardım şöbəsinə gətirilib. Aparılan müayinələrin nəticəsi olaraq xəstəyə təcili vəziyyət sayılan peritonit diaqnozu qoyulub. Vəziyyətin ağırlığı səbəbindən, əməliyyatönü hazırlıqdan sonra dərhal cərrahi müdaxilə aparılmasına qərar verilib. Bu barədə məlumatı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd verib.


Cərrahiyyə əməliyyatı Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və uşaq cərrahı Günay Əmrahlı tərəfindən həyata keçirilib. Həkimlər nazik bağırsaq seqmentinin rezeksiyasını edib və yoğun bağırsağın zədələnmiş hissəsini tikiblər. Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən təxminən 70–80 sm məsafədə, iki yerdə deşici zədələnmə (perforasiya) aşkar edilib. Bu zədələnmələrin səbəbi isə heyrətamiz olub: bağırsaq mənfəzində yerləşən **iti və sərt yad cisim taxta parçası** perforasiyaya səbəb olmuşdu. Bu kəşf həkimləri xüsusilə təəccübləndirdi.


Təəssüf ki, bağırsaqdakı zədə yalnız bir yerdə deyildi. Bağırsaqda yerləşən **müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər** bütün nazik bağırsaq boyunca tapılıb. Bundan başqa, yoğun bağırsaqda da perforativ dəlik müəyyən olunmuşdu. Mürəkkəb cərrahi müdaxilə uğurlu keçdi. Xəstəxanada 8 günlük stasionar müalicədən sonra yeniyetmənin vəziyyəti kafi qiymətləndirilib. Uşaq ambulator müalicə üçün evinə buraxılıb, deyə məlumatda bildirilir.


E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: