BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti qeyri-qanunidir

29.10.2025 16:54 8 baxış sayı 2 dəq. oxuma APA
BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti qeyri-qanunidir

Azərbaycanda fəaliyyəti dayandırılmış BBC-nin keçmiş nümayəndəliyinin əməkdaşları ölkə ərazisində jurnalist işini davam etdirir. Bu şəxslərin müxtəlif qurumlara sorğular ünvanlaması və araşdırmalar aparması barədə məlumatlar var. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDIA) Hüquq şöbəsi APA-nın sorğusuna cavab verdi. Agentlik bildirdi ki, "Media haqqında" Qanuna görə, xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda açıla bilər.


Agentliyin açıqlamasına görə, əgər hər hansı xarici media subyektinin nümayəndəliyi belə müqavilə olmadan media fəaliyyəti həyata keçirərsə, bu hal həmin nümayəndəliyin ləğvi üçün əsas yaradır. Bundan əlavə, xarici media nümayəndələri Azərbaycan Respublikasında fəaliyyət göstərə bilmək üçün müvafiq orqanda akkreditasiyadan keçməlidir. BBC nümayəndəliyinin fəaliyyətinə münasibətdə qeyd edək ki, bu subyektin Azərbaycanda işləməsini nəzərdə tutan heç bir beynəlxalq müqavilə yox idi. Buna görə də aidiyyəti orqanlar nümayəndəliyi ləğv etdi və onu hüquqi şəxslərin dövlət reyestrindən çıxardı.


Bu ofis ləğv edilərkən, onun əməkdaşlarının akkreditasiyası da ləğv olunmuşdu. Bu vəziyyət göstərir ki, hazırda BBC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinin heç bir hüquqi əsası yoxdur. Milli qanunvericiliyə görə, müvafiq nümayəndəlik media subyekti sayılmır və onun əməkdaşları akkreditasiyasızdırlar. Həmin şəxslər tərəfindən bu sahədə fəaliyyət göstərilməsi ciddi hüquq pozuntusudur. Bu fəaliyyətin yönəldiyi fiziki və hüquqi şəxslər, habelə qurumlar üçün heç bir öhdəlik yaranmır. Əksinə, həmin strukturlar qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək hüququ qazanırlar, agentliyin cavabında vurğulanır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: