Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq

04.12.2025 18:06 5 baxış sayı 3 dəq. oxuma Trend
Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı dekabrın 17-dək aktiv olacaq. Hadisə dekabrın 14-də öz zirvəsinə çatacaq. Bu barədə məlumatı Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından veriblər.


Meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib. Bakıdan bu meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Müşahidə üçün ən əlverişli vaxt 14 dekabr gecəsi, təxminən saat 02:30 radələridir. Həmin saatlarda Bakıda radiant nöqtəsi üfüqdən 82° hündürlükdə yerləşəcək. Əlverişli hava şəraiti olarsa, saatda 119-a qədər meteor görmək mümkündür.


Geminid meteorları Yer atmosferinə təxminən 35 km/saniyə sürətlə daxil olur. Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən, Ayın işığı müşahidəyə mane olmayacaq. Bu sürət və şərait meteorların digər yağışlara nisbətən daha parlaq görünməsinə, yanma prosesinin uzun olmasına və çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə imkan yaradır.


Geminid meteor yağışının mənşəyi fərqlidir, çünki o, komet deyil, 3200 Faeton (Phaethon) asteroidi ilə əlaqəlidir. Bu, nadir bir fenomendir. 1983-cü ildə kəşf edilən 3200 Faeton asteroidi Günəşə 20 milyon kilometrə qədər yaxınlaşır. Bu yaxınlaşma səthi təxminən 700°C-yə qədər qızdırır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçərkən Geminid meteor yağışı yaranır.


Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: sarı rəngi natrium, yaşıl rəngi maqnezium, mavi-ağ rəngi isə dəmir qarışıqları verir. Meteor yağışının gücündə son 50 ildə artım müşahidə olunur. Əgər 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi bu rəqəm 120-yə yüksəlib. Bu artım Faeton orbitində toz sıxlığının artması səbəbindəndir. Astrofizika kafedrasından verilən məlumata görə, Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrindən biri olacaq. Nadir təbiət fenomeni hava şəraiti əlverişli olduğu halda, Azərbaycan səması üzərində parlaq və unudulmaz bir mənzərə yaradacaq.


S
Ailə və cəmiyyət müxbiri

Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: