
Dənizkənarı Bulvarda mənimsəmə üzrə iki təqsirləndirilən məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə növbəti prosesi keçirilib. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılan bu prosesdə təqsirləndirilən şəxslərdən Rəşad Bədəlov və Fuad Babayev ifadə veriblər. Onlar külli miqdarda mənimsəmə, vergidən yayınma və vəzifə saxtakarlığı da daxil olmaqla, bir sıra ağır cinayətlərdə ittiham olunurlar. İstintaq materiallarında qeyd edilir ki, İlqar Mustafayev və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 12 milyon manatdan artıq pul vəsaitini mənimsəyiblər. Bu pullar qurumun ərazisindəki qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti və gəmi gəzintiləri kimi sahələrdən əldə edilib.
Məhkəmədə ifadə verən Rəşad Bədəlov Dənizkənarı Bulvar İdarəsində və onun tabeliyindəki müəssisələrdə çalışdığını təsdiqlədi. O, əvvəl Dövlət Bayrağı Meydanının tabeliyində iqtisadçı, daha sonra direktor müavini işləyib. 2018-ci ildə İlqar Mustafayevin köməkçisi vəzifəsinə, 2019-cu ilin sonundan sonra isə Bulvar İdarəsinin müxtəlif idarələrində rəis təyin edilib. Bədəlov işə tanışlıqla götürüldüyünü- anasının Mustafayevin həyat yoldaşı ilə tanış olduğunu qeyd etdi. O, bu işin ona aidiyyəti olmadığını və yalnız ona verilən əmrləri yerinə yetirdiyini bildirdi. Rəşad Bədəlov əməkhaqqından əlavə, qeyri-büdcə vəsaitlərindən maliyyə hesabına pul aldığını söylədi. O, bu vəsaitlərin hardan gəldiyi barədə məlumatı olmadığını və soruşmağa səlahiyyətinin çatmadığını vurğulayıb. O, mənə nə əmr edilibsə, onu yerinə yetirmişəm deyə, ifadəsini tamamladı.
Daha sonra "GİRASOL" MMC-nin direktoru Fuad Babayev məhkəməyə ifadə verdi. O, gül təsərrüfatı ilə məşğul olmaq istədiyini, İlqar Mustafayevin ona tenderə qoşulmağı məsləhət gördüyünü və bu məqsədlə "GİRASOL" MMC-ni yaratdığını bildirib. Prokuror Fuad Babayevdən Maraş dondurmalarının satışı və digər sahələrdən pul almasının səbəbini soruşdu. F. Babayev həmin pulların ona niyə verildiyini bilmədiyini, sadəcə bu vəsaitləri təchizat şöbəsindən Zamin Xəlilova verdiyini dedi. O, sonra pulun hansı təyinat üzrə xərclənməsini qeyd edən tələbnamələrin gəldiyini söylədi. Babayev MMC-nin Türkiyədən tender yolu ilə güllər gətirdiyini, onların gömrük bəyannamələrinin olduğunu və təkcə Bulvar İdarəsinə deyil, başqa qurumlara da gül satdığını əlavə etdi. "GİRASOL" ilə idarə arasındakı maliyyə əməliyyatları nağdsız aparılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı ilkin istintaq zamanı İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına dair şübhələr müəyyən edilib. Bundan əlavə, onun 10 milyon manatdan çox cinayət yolu ilə əldə edilmiş pulu özü və qohumlarının adına əmlaklar alaraq leqallaşdırdığı ehtimal edilir. Toplanmış sübutlar əsasında Mustafayev xüsusilə külli miqdarda mənimsəmə, vergidən yayınma və vəzifə saxtakarlığı da daxil olmaqla, beş maddə ilə, Fuad Babayev və Rəşad Bədəlov isə üç maddə ilə ittiham olunublar. İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri polisin nəzarəti altındadır. Məhkəmə, maddi ziyanın ödənilməsi üçün ümumilikdə 11 milyon manatdan çox dəyərdə əmlak üzərinə həbs qoyub. Cinayət işi üzrə proses dekabrın 8-də davam etdiriləcək.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Dənizkənarı Bulvar İdarəsi”ndə mənimsəmədə təqsir...
Azəri Xəbər

Emin Axundovu ölümlə hədələyənə
Xəbər Anı

Sinif yoldaşının ölümündə təqsirləndirilən yeniyet...
Azəri Xəbər

Yüz min manatlıq dələduzluqda ittiham edilən şəxsi...
Azəri Xəbər

lqar Mustafayevin həbs müddəti uzadıldı
Bugun.az

Bulvarda dənizdə batan iki nəfər xilas edildi -VİD...
Bugun.az



