
Dini konfessiyalar 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

Azərbaycandakı dini konfessiyalar 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə dünya ictimaiyyətinə birgə bəyanat ünvanlayıb. Bəyanatda bildirilir ki, Vətən müharibəsində qazanılan bu tarixi Zəfər Azərbaycan xalqının yaddaşına və dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu qələbə dünya miqyasında haqqın və ədalətin təntənəsinə inamı göstərir.
Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesində xalq "Qarabağ Azərbaycandır" ideyası ətrafında birləşərək öz ən uca arzularını gerçəkləşdirdi. Azərbaycan dövləti Ali Baş Komandanın qətiyyəti və müdrik rəhbərliyi, həmçinin qəhrəman Ordunun rəşadəti ilə beynəlxalq hüququn tanıdığı haqqı öz qüvvəsi hesabına bərpa etdi. Artıq Azərbaycanın Dövlət Bayrağı azad edilmiş Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri eşidilir. Azərbaycan xalqı haqq mübarizəsinin qalibiyyət dastanı olan bu Zəfər Gününün 5-ci ildönümü sevincini yaşamağa tam layiqdir.
Azərbaycan öz ərazilərinin 30 illik işğalına son qoymaqla yanaşı, həm də xalq-dövlət birliyinin ən yüksək nümunəsini, daxili monolitliyi və milli-mənəvi birliyi nümayiş etdirdi. Qələbəmizin əsas gücü dövlət rəhbərinin ətrafında sıx birləşməkdə, cəmiyyət daxilində milli həmrəylikdə, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşmada və Vətənin maraqları naminə vahid mövqe tutmaqda idi. Xalqımız bu Zəfəri böyük qurbanlar verərək əldə etdi. Hər bir azərbaycanlının bu mübarizədə payı var. Bu mücadilədə canından keçən minlərlə şəhidimizə Allah rəhmət eləsin, sağlamlığını itirmiş qəhrəman qazilərimizə şəfa diləyirik. Vətən müharibəsində bütün xalqımız, bütün etnik qrupların və dinlərin nümayəndələri sarsılmaz birlik göstərərək qələbəyə çatdılar. Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələri bizim haqq işimiz uğrunda cəbhədə çiyin-çiyinə vuruşdular, dünyada birlikdə haqq səsimizi ucaltdılar. Bu, Azərbaycan reallığı, bizim yaşam tərzimiz və multikultural dəyərlərimizin təntənəsidir.
Qarabağ Zəfəri beynəlxalq hüququn xalqın iradəsi ilə həyata keçirilməsinin parlaq təzahürü, güclü liderin qalibiyyət manifesti oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında multikultural dəyərlərə sadiq Azərbaycan monoetnik, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. Ölkə başçısının insan həmrəyliyinə xidmət edən davamlı səyləri və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın multikultural dəyərlərin təşviqi sahəsindəki unikal fəaliyyəti sayəsində Azərbaycan dinlərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur.
İşğaldan azad edilmiş torpaqlarda erməni vandalizminin acı nəticələrini aradan qaldırmaq üçün dövlət genişmiqyaslı quruculuq işləri aparır. Allah evlərinin, məbəd və ibadət yerlərinin bərpası, məhv edilmiş mədəni-mənəvi irs abidələrinin yenidən tikilməsi bizi çox sevindirir. Qarabağ və Şərqi Zəngəzur torpaqları yeni, abad görkəmi, möhtəşəm infrastruktur layihələri və beynəlxalq hava limanları ilə hər birimizi qürurlandırır. Biz, Azərbaycan dindarları ölkə başçısının bölgədə davamlı sülh, əmin-amanlıq və tərəqqini təmin edən müdrik siyasi xəttini daim dəstəkləyir, Uca Yaradandan xeyir-dualar diləyirik. Bəyanat Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından, Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi və aşağıdakı rəhbərlərin iştirakı ilə yayılıb:
Sədr: Şeyxülislam Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri)
Üzvlər:
Milix Yevdayev (Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri)
Aleksiy (Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu)
Yepiskop Vladimir Fekete (Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti)
Aleksandr Şarovski (Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri)
Robert Mobili (Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri)
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
                                                                Milli Məclisi Zəfər Gününün beşinci ildönümü ilə ə...
Azəri Xəbər

Milli Məclis bəyanat yayacaq
Bugun.az

Zəfər Günü münasibətilə təntənəli bayram konserti...
Bugun.az

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ard...
Azəri Xəbər

Payız tətilindən sonra məktəblərdə ilk dərs gününü...
Azəri Xəbər

Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə...
Azəri Xəbər
                                        


