Dörd milyonluq dələduzluqda ittiham olunan Nizami Alışana hökm oxunub

03.11.2025 11:14 9 baxış sayı 2 dəq. oxuma APA
Dörd milyonluq dələduzluqda ittiham olunan Nizami Alışana hökm oxunub

İnvestisiya platformasında valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə yekun hökm elan edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunurdu. Məhkəmənin qərarına əsasən, **Nizami Alışan 10 il müddətinə azadlıqdan məhrum edilib**.


İttihama görə, Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı üzrə mütəxəssis kimi təqdim edib. O, bu yolla zərərçəkmişlərdən külli miqdarda pulu mənimsəyib. Zərərçəkən qismində üç nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb. Alışan Babək Məmmədzadənin 1 milyon 300 min dollar, Zeynal Usubovun 945 min dollar, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Prosesin gedişində təqsirləndirilən şəxs özünü təqsirli bilməyib və məhkəmədən bəraət tələb edib.


Bu işdə iştirak edən şəxslərin kimliyi məsələyə marağı artırıb. Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Zərərçəkən Babək Məmmədzadə isə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur. **Külli miqdarda dələduzluqla bağlı bu məhkəmə işi** ictimaiyyətin diqqət mərkəzində idi, çünki burada adı keçən şəxslər tanınmış ailələrlə əlaqəli idilər.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: