DOST Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum oldu

05.11.2025 07:05 4 baxış sayı 2 dəq. oxuma Trend
DOST Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) 2026-cı ildə ayrılacaq vəsaitin məbləği proqnozlaşdırılıb. Hesablamalara görə, əhaliyə sosial sahədə xidmətlərin təşkili üçün Agentliyin fəaliyyətinin birgə maliyyələşdirilməsinə Fonddan ayrılan vəsait 50,0 milyon manat təşkil edəcək. Bu məlumat Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.


Qeyd olunan qanun layihəsi Milli Məclisin aidiyyatı komitələrinin- İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirə edilmişdi. İclasda pensiya və müavinətlərin əhaliyə çatdırılması üzrə xidmət haqqının miqdarı da müəyyənləşdirildi. Müvafiq banklarla bağlanmış satınalma-müqavilə şərtlərinə əsasən, benefisiarlara pensiya və müavinətlərin çatdırılması üçün xidmət haqqı aparılan maliyyə əməliyyatlarının cəmi 0,5 faizi qədər hesablanır.


Eyni zamanda, Fondun 2026-cı il üzrə əhaliyə ödənişlər üzrə gözlənilən xərcləri 8196,45 milyon manat həcmində proqnozlaşdırılır. Bu əsas rəqəm nəzərə alınaraq pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin ümumi məbləği də hesablanıb. Bu xərclərin 40,98 milyon manat (8196,45*0,5%) təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, gələn il üçün həm sosial xidmətlərin təşkili, həm də pensiya ödənişləri ilə bağlı əməliyyat xərcləri dəqiqləşdirilib.


T
Əmək bazarı analitiki

Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: