Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

13.11.2025 10:46 4 baxış sayı 3 dəq. oxuma Trend
Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Bu ilin on ayı ərzində dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb. Maliyyə Nazirliyinə istinadən verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında xəzinədarlıq orqanları 1 milyon 283 mindən çox ödəniş tapşırığını icra edib. Dövlət büdcəsinin gəlirlərinin icrası yüksək göstəricilərlə yekunlaşıb. İcmal büdcənin gəlirləri 40 milyard 960,7 milyon manat təşkil edib. Bu rəqəm on aylıq proqnozu 3 milyard 946,5 milyon manat və ya 10,7 faiz üstələyib. Dövlət büdcəsinin öz gəlirləri isə 32 milyard 891,4 milyon manat olub ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələməklə nəticələnib.


Dövlət büdcəsi gəlirlərinin mühüm hissəsi vergi və transfertlər hesabına formalaşıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin daxilolmaları 14 milyard 378,3 milyon manat təşkil edib. Bu məbləğ proqnozdan 752,3 milyon manat (5,5 faiz) artıqdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 38,6 milyon manat təşkil edərək proqnozdan 9,5 milyon manat və ya 32,6 faiz çox gəlir gətirib. Sair daxilolmalar 614,8 milyon manat olub ki, bu da proqnozdan 34,0 faiz çoxdur. Dövlət Neft Fondundan edilən transfert isə 12 milyard 67,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra olunub.


Lakin bəzi sahələrdə daxilolmalar proqnoza çatmayıb. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz səviyyəsində icra edilib. Həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil etməklə proqnozun 72,2 faizini təşkil edib. Xərc göstəricilərinə gəlincə, 2025-ci ilin 10 ayı ərzində icmal büdcənin xərcləri 32 milyard 691,7 milyon manat məbləğində icra edilib. Bu göstərici ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872,7 milyon manat və ya 2,7 faiz çoxdur.


Ümumilikdə, həmin dövrdə dövlət büdcəsinin xərcləri 27 milyard 720,6 milyon manat məbləğində icra olunub. Xərclərin bu məbləği ötən ilin anoloji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır. Beləliklə, gəlirlərin proqnozu aşması fonunda, dövlət büdcəsi üzrə xərclərdə ötən ilə nisbətən azalma müşahidə edilib.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: