Eskişehirdə Zəfər Günü bağlı tədbir keçirilib (FOTO)

10.11.2025 18:26 5 baxış sayı 3 dəq. oxuma Trend
Eskişehirdə Zəfər Günü bağlı tədbir keçirilib (FOTO)

Türkiyənin Eskişehir şəhərində 44 günlük müharibədə qazanılan tarixi zəfərə həsr olunmuş böyük tədbir keçirilib. Bu mərasim “44 Günə Yazılan Dastan: Qarabağ Zəfəri” adı altında, Eskişehir Azərbaycanlıları Dərnəyi (ESAZDER) ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.


Eskişehirin Taşbaşı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev iştirak edib. Qonaqlar arasında TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, rəsmi şəxslər, siyasi partiyaların və QHT-lərin nümayəndələri, eləcə də akademiklər, tələbələr və çoxsaylı vətəndaşlar var idi. Açılış nitqi ilə çıxış edən Valeh Hacıyev, Qarabağ Zəfərinin Azərbaycan Ordusunun qəhrəmanlığı və Türkiyənin mənəvi dəstəyi nəticəsində qazanıldığını bildirib. O, bu zəfərin Türk birliyinin nə qədər güclü olduğunu göstərən ən canlı sübut olduğunu vurğulayıb.


Tədbir çıxışlardan sonra panel iclası ilə davam etdi. Panelin moderatoru Eskişehir Osmanqazi Universitetinin professoru Fərzanə Dövlətabadi idi. İclasda Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Ankara Universiteti Hüquq Fakültəsinin professoru Cavid Abdullazadə məruzə etdilər. Onlar Qarabağ Zəfərinin beynəlxalq hüquqi aspektlərindən, bölgədə yaratdığı geosiyasi nəticələrdən və türk dünyası üçün strateji əhəmiyyətindən danışdılar. Paneldən sonra ESAZDER gənclərinin təqdim etdiyi rəqs və musiqi proqramı iştirakçıların böyük marağına səbəb oldu. Bu proqramda Kamilə Bağırzadə “Ağ Çiçəyim” rəqsi, Ayan Süleymanova “Azərbaycan” mahnısı, Davud İbrahimov və Səma Niftəliyeva “Uzundərə” xalq rəqsi ilə, həmçinin Elvin Məmmədli muğam ifası ilə çıxış etdi.


Dərnəyin sədri Cavid Aydın yekun çıxışında Azərbaycan-Türkiyə qardaşlığının tarix boyu sarsılmaz bağlara söykəndiyini bildirərək, Qarabağ Zəfərinin iki qardaş ölkənin könül birliyinin simvolu olduğunu qeyd etdi. O əlavə etdi ki, bu ruh gənclərə ötürülməyə və yaşatmağa davam edəcək. Tədbir Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş videonun təqdimatı və səhnədə xatirə fotosunun çəkilməsi ilə başa çatdı. İştirakçılar sonda Qarabağ Zəfərinin Türk dünyasında yaratdığı birlik və qürur hissini bir daha xatırladaraq “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” şüarı ilə tədbiri yekunlaşdırdılar.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: