İpək Yolu Forumu regionun nəqliyyat və iqtisadi perspektivlərini aydın göstərdi - Azər Qarayev

23.10.2025 14:36 5 baxış sayı 5 dəq. oxuma Trend
İpək Yolu Forumu regionun nəqliyyat və iqtisadi perspektivlərini aydın göstərdi - Azər Qarayev

Cənubi Qafqaz tarixi baxımdan Avropa ilə Asiya arasında əsas nəqliyyat, ticarət və enerji axınlarının kəsişdiyi ərazi sayılıb. Azərbaycan, Ermənistan və Gürcüstanın coğrafi mövqeyi regiona tranzit yük, enerji resursları və investisiya axınları üçün strateji rol oynamağa imkan verir. Son illərdə regionda böyük dəyişikliklər baş verib. Qarabağın işğaldan azad edilməsi, iqtisadi inteqrasiyanın güclənməsi və infrastruktur layihələrinin sürətlənməsi Cənubi Qafqazı Şərqlə Qərbi birləşdirən mühüm tranzit qovşağı kimi bərpa edir. 2025-ci il oktyabrın 22-də keçirilmiş V Tbilisi “İpək Yolu” Forumu bu baxımdan çox vacib idi.


Politoloq Azər Qarayev qeyd edir ki, bu tədbir sadəcə siyasi iradəni göstərmək üçün platforma deyil, həm də regionun iqtisadi və logistika təşəbbüslərini praktik müzakirə etmək yeri oldu. Foruma 73 ölkədən 2300-dən çox iştirakçı qatıldı. Tədbirdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın baş nazirləri iştirak etdi; həmçinin beynəlxalq təşkilatlar, biznes dairələri və logistika ekspertləri də təmsil olundu. Forumun əsas məqsədi siyasi bəyanatları praktik addımlara çevirmək üçün diskussiya platforması yaratmaq idi. Bu baxımdan Forum nəqliyyat marşrutları, infrastruktur, ticarət və logistika maneələrinin azaldılması, investisiya üçün əlverişli şəraitin yaradılması, energetika və regionda sabitliyin formalaşdırılması kimi mövzuları əhatə etdi.


Qarayev bildirir ki, Forumda qaldırılan ən əsas məsələlərdən biri Azərbaycanın Ermənistana tranzit yük daşımaları ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması oldu. Tarixən siyasi gərginlik səbəbindən tətbiq edilmiş bu məhdudiyyətlər ticarət və logistikanın səmərəliliyini azaldırdı. Bu qərarın praktik əhəmiyyəti Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması ilə göstərildi. Bu nümunə regionun vahid logistika qovşağı kimi işləyə biləcəyini, iqtisadi maraqların siyasi qərarlarla uzlaşdırıla biləcəyini sübut edir. Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü də bildirib, məhdudiyyətlərin aradan qaldırılmasının yük dövriyyəsinin artmasına və regionda sülhün möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Forumda diqqət çəkən digər mühüm mövzu isə Zəngəzur dəhlizi, yəni “Tramp marşrutu” oldu. Bu marşrut Cənubi Qafqazı Avropa və Asiya bazarları ilə birləşdirməyi, həmçinin Mərkəzi Asiyadan yüklərin tranzitini təmin etməyi hədəfləyir. Bu dəhliz sayəsində yüklərin Avropaya çatma müddəti qısalır və daşımaların maliyyəti azalır.


Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin uğurla reallaşdırılması üçün ölkələr arasında infrastruktur koordinasiyası, müasir texnologiyaların tətbiqi və sərhəd prosedurlarının standartlaşdırılması lazımdır. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması bu marşrutun praktik işləkliyini təsdiqləyən ilk ciddi addım oldu. Forumda həmçinin Orta Dəhlizə diqqət yetirilib. Orta Dəhliz Avropa ilə Asiyanı Cənubi Qafqaz vasitəsilə birləşdirən, dəmir yolları, avtomobil yolları, Qara dəniz və Xəzər limanlarını əhatə edən bir şəbəkədir. Zəngəzur dəhlizi də bu marşrutun bir hissəsinə çevrilə bilər.


Tranzit məhdudiyyətlərinin ləğvi və nəqliyyat marşrutlarının inkişafı çoxşaxəli iqtisadi faydalar gətirir. Məsələn, yük dövriyyəsinin artması, maliyyətlərin azalması və beynəlxalq investisiyaların cəlb edilməsi bu faydalara daxildir. Sabit və şəffaf tranzit sistemi beynəlxalq sərmayədarların etibarını artırır. Ekspertlərin proqnozlarına görə, tranzit potensialının artması 5-7 il ərzində ölkələrin ÜDM-inə bir neçə faiz artım gətirə bilər. Ümumilikdə, Forum göstərdi ki, Cənubi Qafqaz sadəcə fiziki marşrutları birləşdirməklə kifayətlənmir, eyni zamanda regionun rəqabət qabiliyyətini artıracaq müasir texnoloji infrastrukturu yaratmağa da hazırdır. Bu cür layihələr iqtisadi artım, etimadın güclənməsi və regional inteqrasiya üçün yeni imkanlar açır, regionun qlobal ticarət və logistika şəbəkəsində rolunu yüksəldir.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: