İranda Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

09.11.2025 12:08 6 baxış sayı 5 dəq. oxuma Trend
İranda Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Azərbaycan Respublikasının İrandakı Səfirliyi 08 noyabr 2025-ci il tarixində Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil etdi. Bu tədbir Tehranın yüksək səviyyəli diplomatik dairələrini, hərbi rəsmiləri və ictimaiyyət nümayəndələrini bir araya gətirdi. Rəsmi qəbulda İran Parlamentinin deputatları, İran Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Həmçinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları və Tehranda yaşayan azərbaycanlılar qonaqlar arasında idi.


Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin anılması və dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirdə ölkənin şanlı qələbəsini, ordumuzun nailiyyətlərini və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş olundu. Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Elvin Qasımov tədbiri giriş sözü ilə açdı. O, iştirakçılara 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlar və ələ keçirdiyi hərbi qənimətlər barədə məlumat verdi. Hərbi attaşe, Azərbaycan-İran dövlət sərhəddinin 132 kilometrlik hissəsinin də işğaldan azad edildiyini xüsusi vurğuladı. O, Ali Baş Komandanın bu sərhədi dostluq sərhədi adlandırmasını qeyd etdi və işğaldan azad olunmuş ərazilərdə İranla birgə hərbi təlimlərin keçirildiyini, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndiyini bildirdi. Polkovnik Qasımov Azərbaycan Ordusunun zəngin döyüş təcrübəsinin bir çox ölkələr tərəfindən öyrənildiyini, ordunun yeni xüsusi təyinatlı hissələr və müasir silah sistemləri ilə regionda sülhün və sabitliyin keşiyində durmağa hər zaman hazır olduğunu vurğuladı.


Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə otuz ilə yaxın davam edən səmərəsiz danışıqlardan sonra, Azərbaycanın 2020-ci ildə özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldığını diqqətə çatdırdı. Səfir ölkənin ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini bildirdi. O, 44 günlük müharibə ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqların azad edilməsinin Ordunun gücünü, hərbçilərin peşəkarlığını və xalqımızın birliyini bütün dünyaya göstərdiyini dedi. Səfir Əlizadə, Azərbaycanın Zəfər müharibəsindən dərhal sonra beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip üzrə sülh müqaviləsinin layihəsini təqdim etdiyini və bunun nəticəsində avqust ayının 8-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini parafladığını bildirdi. Səfir, Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin Azərbaycanın regionda davamlı sülh və təhlükəsizliyə nail olmaq səylərinin təzahürü olduğunu qeyd etdi.


Əli Əlizadə otuz ilə yaxın müddətdə işğal altında olmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin tam bərpa edilməsinin ölkələr arasındakı əlaqələrə xüsusi töhfə verdiyini vurğuladı. O, bu ərazilərdə ağıllı kənd və şəhərlərin, geniş avtomobil yolları, dəmiryolunun, çoxsaylı infrastruktur layihələrinin tikintisinin, habelə İranla sərhəddə yeni Ağbənd-Kəlalə körpüsünün inşasının Azərbaycanın dost və qardaş İranla əməkdaşlığı daha da möhkəmləndirmək qətiyyətini bir daha təsdiqlədiyini qeyd etdi. Səfir, qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edərək, həm Zəfər Günü, həm də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik etdi. Rəsmi qəbul milli mətbəximizin təamları ilə verilən ziyafət və Azərbaycan musiqilərinin ifası ilə davam etdi. Qonaqlar, Vətən Müharibəsinə və Zəfər Gününə dair təşkil edilmiş foto sərgi ilə də yaxından tanış oldular.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: