Lənkəran rayonunun Osaküçə-Sinovli kənd yolu bərbad vəziyyətdədir - FOTO

01.11.2025 07:44 7 baxış sayı 4 dəq. oxuma APA
Lənkəran rayonunun Osaküçə-Sinovli kənd yolu bərbad vəziyyətdədir - FOTO

Lənkəran rayonunun Osaküçə-Sinovli kənd yolu tamamilə bərbad vəziyyətdədir. Kəndin gözəl mənzərəsini, təbiətini görmək istəyənlər mütləq böyük gölməçələrdən keçmək məcburiyyətində qalırlar. Dağlardan axan sel suları yollarda dərin çatlar əmələ gətirib. Sakinlər bu yola sonuncu dəfə 50 il bundan əvvəl asfalt örtüyü döşəndiyini bildirirlər. Bu günə kimi yolda ancaq cari təmir işləri aparılıb. Üstəlik, həmin təmir işləri də vətəndaşların şəxsi vəsaiti hesabına görülüb. İndi isə asfalt örtüyündən demək olar ki, əsər-əlamət qalmayıb. Bu bərbad vəziyyət ilk növbədə şagirdlərin məktəbə getməsinə mane olur. Eləcə də nəqliyyatın hərəkətində ciddi problemlər yaranır.


Yolların bu vəziyyətdə olması maşınların ehtiyat hissələrinin tez-tez sıradan çıxmasına səbəb olur. Marşrutlarda uzunmüddətli intervallar yaranır, bu da sakinlərin haqlı narazılığına gətirib çıxarır. Marşrut sürücüsü Namik İmaməliyev kəndə gündə 6 reys etdiyini bildirir. O deyir: “Yol bərbad gündədir. Həm intervala gecikirəm, həm də çatdırmaq olmur. Hər gün maşın dağılır, xarab olur qalır yolda”. Kənd ziyalısı Bəxtiyar Hüseynov isə yolların dağılmasının kəndin turizm potensialına və sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərdiyini deyir. O, kəndin iqtisadi inkişafının yoldan asılı olduğunu vurğulayır.


Hüseynovun sözlərinə görə, bu kənd həm qədimliyinə, həm də təbii sərvətlərinə görə rayonun digər yaşayış məntəqələrindən fərqlənir. Ərazi üç tərəfdən dağla əhatə olunub. Dağların başına çıxanda Xəzər dənizi əl ovucu kimi görünür. Sakin bu yolu asfaltlamağın kənd üçün böyük fayda verəcəyinə inanır. O hesab edir ki, yol yenilənsə, bura turist axını çox olacaq. Bu, həm camaatın ünsiyyətini artıracaq, həm sosial vəziyyətini yaxşılaşdıracaq, həm də sahibkarlıq fəaliyyətinə yeni yer veriləcək. Yolun tikintisi bölgənin iqtisadiyyatı üçün vacibdir.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərdik. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sorğumuza cavab verdi. O, Lənkəran rayonu ərazisindəki Sinovlu kəndinə gedən avtomobil yolunun mövcud vəziyyətinin və qeyd olunan yolların yenidən qurulmasının “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edildiyini bildirdi. Hazırda bu layihələrin icrası üçün müvafiq sənədləşmə və planlaşdırma işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu yolların yenidən qurulması maliyyə vəsaitinin ayrılmasına uyğun olaraq yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək. Layihənin icrası Separadi-Tükəvilə və Sinovlu kəndlərini birləşdirən yolların keçid qabiliyyətini, təhlükəsizliyini və rahatlığını artıracaq. Bu da əhalinin sosial rifahına və regionun ümumi iqtisadi inkişafına müsbət təsir göstərəcək.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: