MDB məkanında təhsil alan kliniki həkimlərin Azərbaycanda işləməsi prosesi çətinləşib – Sədr müavini

25.11.2025 09:05 11 baxış sayı 3 dəq. oxuma Trend
MDB məkanında təhsil alan kliniki həkimlərin Azərbaycanda işləməsi prosesi çətinləşib – Sədr müavini

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Rusiya və digər MDB ölkələrində tibb təhsili və kliniki ixtisaslaşma almış yüzdən çox vətəndaşımız Azərbaycanda fəaliyyətə başlamaqda böyük çətinliklərlə üzləşir. O, parlamentin plenar iclasında çıxışı zamanı bu müraciətlərin sayının getdikcə artdığını vurğulayıb. Əsas problem MDB məkanında əldə edilmiş klinik ixtisasların ölkəmizdə tanınmasıdır.


Deputat qeyd edib ki, yeni rezidentura proqramı tətbiq edildikdən sonra həmin həkim qrupunun Azərbaycanda işə başlaması həddindən artıq çətinləşib, bəzən isə tamamilə qeyri-mümkün vəziyyətə düşüb. Mahmudov hesab edir ki, bu, ilkin baxışda sadəcə texniki məsələ kimi görünsə də, əslində daha ciddi məsələləri əhatə edir. Burada həm insan hüquqları, həm də ölkəmizin səhiyyə sahəsindəki ehtiyacları, eyni zamanda bəzi beynəlxalq səviyyədəki hüquqi öhdəliklər mövcuddur. Bu insanlar, əslində, bizim vətəndaşımızdırlar, yaxud MDB ölkələrinin vətəndaşı olsalar belə, əslən azərbaycanlıdırlar, Azərbaycan dilini bilirlər və öz ölkələrinə xidmət etmək istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda işləmiş mütəxəssislərdir.


Rəşad Mahmudov vurğulayıb ki, heç bir ölkə belə bir kadr resursunu geri çevirmir. Kadr çatışmazlığı olduğu bir dövrdə bu imkandan istifadə etmək lazımdır. O, ölkədə, xüsusən regionlarda ixtisaslı kadr çatışmazlığının olduğunu bildirib. "Həkim axtarırıq, amma hazır yetişmiş resursdan da istifadə edə bilmirik," deyə deputat narahatlığını dilə gətirib. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiyadan keçməyə və hətta regionlarda çalışmağa tam hazır olduqlarını bildirirlər.


O əlavə edib ki, diplomların tanınması ilə bağlı bir sıra qanunlar və öhdəliklər mövcuddur. Buna görə də, rədd qərarı verilməzdən əvvəl bunun hüquqi əsası olmalıdır. Belə bir hazır kadr bazasına sahib olmaq və onlardan ölkənin səhiyyə sistemində istifadə edə bilməmək hazırda həllini gözləyən mühüm problemdir.

A
Biotexnologiya müxbiri

Biologiya və biotexnologiya sahəsində yazıram. Genetika və yeni tibbi texnologiyalar çox maraqlı mövzulardır.

Bütün məqalələrə baxın
Paylaş: