
Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız - Vüqar Rəhimzadə

Bakı. Trend:
Biz Zəfər Gününün davamı olaraq Dövlət Bayrağı Gününü böyük qürurla qeyd edirik. Beş il öncə, məhz Dövlət Bayrağı Günündə, noyabrın 9-dan 10-a keçən gecə, üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını rəsmiləşdirərək ərazi bütövlüyümüzün bərpa edilməsi sevincini yaşatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Dövlət Bayrağı Günündən bir gün əvvəl, 8 noyabrda Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi xəbərini xalqa çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsi boyu azad edilmiş şəhər və kəndlərimizdə Azərbaycan Bayrağı ucaldıldı. Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız sevincli günlərimizin bələdçisi, zəfərlərimizin müjdəçisidir. Dövlət başçısının qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri də məhz Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.
Son beş ilin reallıqları dövlət başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda səsləndirdiyi fikirləri xatırlamağı vacib edir. Prezident o zaman demişdi ki, gün gələcək, işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Həmin paradda da 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında azad edilmiş torpaqlardan gətirilən bayraqlar nümayiş etdirilmişdi. Bu bayraqlar hərbçilərimizi irəli apardı, tariximizə Zəfər səhifəsini yazmağa ruhlandırdı. Nəhayət, 2020-ci ilin 10 dekabrında keçirilən Zəfər paradında 44 günlük müharibədə azad edilmiş torpaqlarda ucaldılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş edildi. Müzəffər Ali Baş Komandan o zaman böyük qürurla bildirmişdi ki, paradlar çox keçirilib, ancaq bu paradın xüsusi əhəmiyyəti var, çünki bu, Zəfər paradıdır. Həmin tarixi gün gəldi və biz bunun şahidiyik. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 9 noyabr Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Sərəncam imzalayaraq hər il noyabrın 9-nu ölkədə Dövlət Bayrağı Günü kimi təsdiqləyib. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi bina üzərində qaldırıldı. Bayrağımızın rəngləri istiqlal ideologiyasının üç təməl prinsipini ehtiva edir. Bu üç rəngin ifadə etdiyi və milli istiqlal ideologiyamızın təməlini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi Əli bəy Hüseynzadədir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdi. Hər bir millətin varlığını təsdiqləyən bayraqlar müqəddəs əmanətdir. Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. Bayraq milli identikliyin təzahür formasıdır.
Vüqar Rəhimzadə, həmçinin, Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncamını da xüsusi vurğulayıb. Bu Sərəncam Dövlət Bayrağının rəmzlər sırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirildi. Prezident İlham Əliyev açılışda Bayraq Meydanının Bakının mədəniyyət və siyasi mərkəzinə çevriləcəyini bildirdi. Bayraq Meydanı 2024-cü ilin noyabrın 8-də yenidən fəaliyyətə başladı və Prezident İlham Əliyev Azərbaycan Bayrağını qaldırdı. Hazırda Dövlət Bayrağı Muzeyi təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayıb və burada 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Artıq azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsindən, soydaşlarımızın Böyük Qayıdışından danışırıq. Azərbaycanın Dövlət Bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında, müstəqil Azərbaycanın başı üstündə dalğalanır. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin və Qalib Azərbaycanın sabaha doğru inamlı addımlarının əyani təcəssümüdür.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mikayıl Cabbarov: Üçrəngli bayrağımız qürur mənbəy...
Azəri Xəbər

XİN: Üçrəngli bayrağımız Azərbaycanın zəngin tarix...
Azəri Xəbər

Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün s...
Azəri Xəbər

Mehriban Əliyeva paylaşım etdi - FOTO
Bugun.az

Prezident Azərbaycanın üçrəngli Bayrağını ucaldıb...
Bugun.az

Prezident Arif Rəhimzadə ilə bağlı sərəncam verdi
Son Xeberler



