Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib (FOTO)

04.12.2025 06:36 8 baxış sayı 4 dəq. oxuma Trend
Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib (FOTO)

Azərbaycan və Türkiyə iş adamları Naxçıvan şəhərində bir araya gələrək sərhədyanı ticarətin gücləndirilməsi, investisiya qoyuluşu və biznes sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Rəsmi şəxslərin və 200-dən çox iş adamının iştirakı ilə 2-ci Azərbaycan - Türkiyə Regional İqtisadi Forumu uğurla başa çatıb. Tədbir ənənəvi olaraq dövlət himnlərinin səsləndirilməsi, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Forumdan əvvəl isə iştirakçılar Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.


Bu əhəmiyyətli tədbir Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutub. Ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Türkiyə Palatalar və Birjalar Birliyi, Qars Ticarət və Sənaye Palatası kimi qurumlar dəstək verib. Foruma Qars, İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri qatılıb. Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də regionlar arasında işgüzar əlaqələri inkişaf etdirmək idi. Həmçinin Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə Türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi hədəflənirdi.


Çıxış edən rəsmi şəxslər- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və digərləri, ölkələr arasındakı siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıblar. Onlar strateji tərəfdaşlığın inkişaf etməsinin vacibliyini dilə gətiriblər. Qeyd olundu ki, logistika, sərhədyanı ticarət və KOB-ların dəstəklənməsi sahəsində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə kömək edir. Xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün geniş perspektivlər açır. Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ardahan valisi Hayrettin Çiçek və digər Türkiyə rəsmiləri də bölgədə iqtisadi əməkdaşlığın önəmini ifadə ediblər. Onlar ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı sahələrində potensialın olduğunu, ortaq layihələrin regionun inkişafına böyük töhfə verəcəyini vurğuladılar.


Forum çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində praktik addımlar atıldı. Naxçıvanın investisiya, ticarət və logistika imkanları barədə ətraflı təqdimat nümayiş etdirildi. Bundan əlavə, iki ölkənin iş adamları arasında ikitərəfli “B2B” görüşlər keçirilib, bu da yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Türk iş adamları səfər zamanı Naxçıvanda fəaliyyət göstərən müəssisələrin işi ilə yaxından tanış oldular. Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu platforması iki ölkənin iş adamları arasında sərhədyanı ticarəti və investisiya qoyuluşunu inkişaf etdirmək məqsədilə yaradılıb. İlk forum 2025-ci ilin iyun ayında Türkiyənin Qars şəhərində keçirilib. Səfər çərçivəsində Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Qars, İğdır, Ardahan, Ərzurum bölgələrindən gələn valilər və ticarət palatalarının təmsilçiləri ilə ayrıca görüşərək əməkdaşlıq məsələlərini müzakirə ediblər.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: