
Nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanları həlledici rol oynayırlar - Azər Qarayev

Ötən gün Xankəndidə keçirilən Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası bölgə üçün sadəcə növbəti rəsmi görüş deyildi. Bu tədbir həm siyasi, həm təhlükəsizlik, həm də geostrateji baxımdan əhəmiyyətli mesajlar daşıyırdı. Politoloq Azər Qarayev bildirib ki, “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusuna həsr olunmuş bu iclas, qlobal nizamın dəyişdiyi və rəqabətin gücləndiyi bir vaxtda baş tutdu.
Azərbaycanın ev sahibliyi etdiyi bu toplantıda xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərlərinin iştirakı, beynəlxalq nəqliyyat marşrutlarının qorunmasının artıq yalnız iqtisadi məsələ yox, milli təhlükəsizlik prioriteti olduğunu göstərdi. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan gələn yüksək səviyyəli nümayəndələr mövzunun geniş əhatə dairəsini təsdiqlədilər. XXI əsrdə böyük dövlətlərin rəqabəti sadəcə hərbi güc üzərində qurulmur. Nəqliyyat dəhlizləri - limanlar, dəmir yolları, avtomobil magistralları və rabitə xətləri - artıq geosiyasi təsirin əsas alətləridir. Çünki bu dəhlizlər enerji resurslarının, ticarət yüklərinin və strateji məhsulların təhlükəsiz daşınmasını təmin edir.
Beynəlxalq nəqliyyat xətlərinə yönəlmiş təhdidlər də dəyişib. Beynəlxalq terror şəbəkələri kritik infrastrukturun sıradan çıxarılmasını əsas hədəf görürlər. Transmilli mütəşəkkil cinayətkar qruplar marşrutlardan narkotik, silah və qaçaqmal daşınması üçün istifadə etməyə çalışır, kiberhücumlar nəqliyyat sistemlərinin elektron idarəetməsini hədəfləyir, hibrid hücumlar isə logistika zəncirini iflic etməyi məqsəd qoyur. Buna görə də müasir dünyada nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız sərhəd xidmətlərinin deyil, xüsusi xidmət orqanlarının strateji fəaliyyət sahəsinə çevrilib. Ölkəmizin müstəqilliyinin ilk illərində düşmən dövlətlər və separatçı qruplar tərəfindən nəqliyyat infrastrukturlarına qarşı bir sıra terror aktları həyata keçirilmişdi. Bunlara Bakı Dəmir Yol Vağzalında və Bakı metropoliteninin "20 Yanvar", "28 May–Gənclik" stansiyaları arasında törədilən partlayışlar daxildir. Həmin hadisələrin məqsədi ictimaiyyət arasında qorxu yaratmaq idi. Azərbaycanın xüsusi xidmət orqanları terror aktlarının sifarişçilərini və icraçılarını müəyyən edərək məsuliyyətə cəlb etmiş, ölkənin təhlükəsizliyini qorumaqda mühüm uğurlar əldə etmişdi.
Azərbaycan coğrafi mövqeyi sayəsində tarixi İpək Yolunun mərkəzi qovşaqlarından biridir. İyirmi birinci əsrdə bu əlverişli coğrafiya yenidən qlobal logistikanın əsas dayağına çevrilir. Ölkə bir neçə böyük beynəlxalq nəqliyyat marşrutunun-Şimal-Cənub, Şərq-Qərb (Orta Dəhliz), Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi-ayrılmaz hissəsidir. Bu marşrutlar Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi körpü rolunu möhkəmləndirir. Lakin tranzit potensialı böyük olduqca, risklər də artır. Bu səbəbdən xüsusi xidmət orqanları nəqliyyat xətlərinin təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Əli Nağıyev Xankəndidə qeyd edib ki, Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr mane olmağa çalışır. Bu maneələrə siyasi təzyiqlər və informasiya manipulyasiyaları daxildir. Bu təhlükələr Zəngəzur dəhlizinin açılmasını yalnız iqtisadi məsələ yox, milli təhlükəsizlik məsələsinə çevirir. Xankəndi iclasında xüsusi xidmət orqanları arasında koordinasiyanın gücləndirilməsi, məlumat mübadiləsinin artırılması və hibrid təhdidlərə qarşı birgə mexanizmlərin təşkili xüsusi vurğulandı. Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi qlobal təhlükələrə qarşı ən effektiv cavab mexanizmidir.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Türk dövlətlərinin iclası keçirildi
Bugun.az

Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanl...
Azəri Xəbər

DTX rəisi: Bəzi destruktiv dairələr Zəngəzur dəhli...
Azəri Xəbər

MDB dövlətlərinin təhlükəsizlik qurumlarının icla...
Bugun.az

DTX Azər Bağırovu İordaniyada tutaraq Azərbaycana...
Bugun.az

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərp...
Xəbər Anı



