
O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin ən böyük şəxsiyyətlərindən biri hesab olunur. Elm tarixində o, haqlı olaraq "qara qızılın mahir zərgəri" kimi tanınır. Azərbaycan adlı məmləkətə həm yerüstü, həm yeraltı sərvətlər, həm də onu bütün dünyada şöhrətləndirən böyük dühalar bəxş edilib. Məmmədəliyev məhz o zəka sahiblərindən biri idi. O, Azərbaycan elmini yüksəklərə qaldırmaqla, dünya elminə öz böyük töhfələrini verib. Elm aləminin dəyərli gövhəri sayılan Yusif Məmmədəliyevin bu il 120 illiyinin qeyd edilməsi xalqımızda böyük qürur hissi oyadır.
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olub. Uşaqlıqdan incəqəlbli, həssas və fikirli görünən Yusif Ordubad mühitində ədəbiyyata və elmə xüsusi həvəs göstərib. Onun dil öyrənməkdə xüsusi istedadı var idi. O, fars, ərəb, türk dillərini, sonradan isə rus, alman və ingilis dillərini mükəmməl öyrənmişdi. Məhz uşaqlıqdan hər şeyə canlı maraq göstərməsi onun gələcəkdə ensiklopedik biliyə sahib olmasına səbəb oldu. 1923-cü ildə Bakıya gələn Yusif əvvəlcə ədəbiyyatçı olmaq istəsə də, ona edilən tövsiyələri və kimyaya olan həvəsini nəzərə alaraq kimyaçı sənətini seçdi. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Gəncəyə təyinat aldı. Axtarış həvəsi və öyrənmək ehtirası onu 1929-cu ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsinə gətirdi və o, məşhur akademik N.D. Zelinskinin tələbəsi oldu. 1932-ci ildə isə Vətənə dönərək Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri, bir il sonra isə indiki Neft-Kimya Prosesləri İnstitutunda işə başladı.
Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılmasının və bromlaşdırılmasının yeni üsullarını təklif etdi. Onun apardığı tədqiqatlar aviasiya yanacaqlarının yüksək keyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan yaratdı. İkinci Dünya müharibəsi dövründə Məmmədəliyevin xidmətləri misilsiz idi. Müdafiənin nəhəng tələbatlarını ödəmək üçün o, partlayıcı maddələrin əsas komponenti olan toluol hasilatı prosesini ilk dəfə müəyyənləşdirib istehsalatda tətbiq etdirdi. O, sovet kimyaçıları sırasında ilk olaraq yüksək oktanlı benzin istehsalını təmin etdi. 1941–1944-cü illərdə Bakı neftayıranları cəbhəyə 12 milyon tondan çox yüksəkkeyfiyyətli benzin göndərmişdilər. Bu elmi rəşadətə görə akademik "Lenin" ordeninə layiq görüldü. Böyük xidmətlərinə görə 1942-ci ildə kimya elmləri doktoru və professor adını almışdır.
Məmmədəliyev eyni zamanda istedadlı elm təşkilatçısı kimi tanınırdı. Onun Azərbaycan Elmlər Akademiyasının açılmasında xüsusi rolu oldu. Moskvadan gələn komissiya onun bilik səviyyəsini o qədər yüksək qiymətləndirmişdi ki, SSRİ EA-nın prezidenti Komarov təkcə Məmmədəliyev kimi bir alimin varlığının Akademiyanın açılmasına dəyər olduğunu elan etmişdi. Beləliklə, o, kimya sahəsində ilk akademik seçildi və 1947-ci ildə Azərbaycan EA-nın prezidenti oldu. Onun təşəbbüsü ilə "Bilik" cəmiyyəti və Əlyazmalar Fondu yaradıldı. Hətta Şamaxı Astrofizika Rəsədxanasının açılması ideyası və onun yerinin müəyyən edilməsi də Məmmədəliyevin adı ilə bağlıdır.
Yusif Məmmədəliyev böyük vətənpərvər, humanist və xeyirxah insan idi. Hara getmişsə, Azərbaycanı layiqincə təmsil etmiş və ölkəsinin adını yüksəklərə qaldırmışdı. Onun təvazökarlığı, səmimiyyəti və insanlara məhəbbəti ən gözəl keyfiyyətləri idi. Akademik M. Topçubaşov onu "insanlıq möcüzəsi" adlandırırdı. Təəssüf ki, onun elmi kəşflərinə görə "Nobel" mükafatına təqdim olunması imkanı erməni generalların hərbi sirr iddiası və Anastas Mikoyanın fəaliyyəti nəticəsində bloklandı. Bu ədalətsizliyə baxmayaraq, dünya bu gözəl alimi tanıyır və yüksək qiymətləndirir. UNESCO 2005-ci ili "Yusif Məmmədəliyev ili" elan etmişdi. Heydər Əliyev və Prezident İlham Əliyevin sərəncamları ilə onun yubileylərinin qeyd edilməsi alimə olan diqqətin təzahürüdür. Yusif Məmmədəliyev 1961-ci il dekabrın 15-də 56 yaşında Bakıda vəfat etdi. O, tariximizin üfüqündə çaxdı, parladı və əbədi yaşayacaq ölməz əsərlər buraxdı.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğ...
Xəbər Anı

57 yaşlı kişini ildırım vurub öldürdü
Bugun.az

ABŞ-da Azadlıq heykəlini ildırım vurdu -
Son Xeberler

Mahir Emreli Almaniya II Bundesligasında yenə də q...
Bugun.az

İtburnu yığan ana və qızını ildırım vuraraq öldürd...
Son Xeberler

Dəhşətli hadisə: 14 nəfəri ildırım vurub öldürdü
Xəbər Anı



