Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

27.11.2025 08:36 18 baxış sayı 3 dəq. oxuma Trend
Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Matanat-A" şirkətinin Bakının Qaradağ rayonunda yerləşən “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına yeni müəssisənin fəaliyyəti barədə məlumat verdilər. Bu yeni zavod ölkədə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlərin mühüm nəticəsidir.


Zavodun ümumi investisiya dəyəri 43 milyon manat təşkil edir. Layihənin həyata keçirilməsinə dəstək olmaq məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Müəssisə investisiya təşviqi sənədi sayəsində texnika və texnoloji avadanlıqların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. 10 hektar ərazisi olan “AZWOOL” zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilmiş müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur, istehsal isə əsasən yerli xammaldan hazırlanır. Bu müəssisə 180 nəfəri işlə təmin edib.


Tikintidə istifadə edilən mineral daş yunu ekoloji cəhətdən təmiz məhsuldur. O, istilik və səs izolyasiyasını təmin etməklə enerji sərfiyyatına qənaət etməyə imkan verir. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyü olan yerli məhsullar sırasındadır və daxili, həm də xarici bazarlarda ona böyük tələbat var. Zavodun açılması yerli istehsalı təşviq edəcək, daxili bazarın tələbatını ödəyəcək və Azərbaycan məhsullarının xarici bazarda rəqabət qabiliyyətini artıracaq. Müəssisə ölkəmizin mineral daş yununa olan tələbatını ödəməklə idxaldan asılılığı xeyli dərəcədə azaldacaq. Burada istehsal olunan məhsullar Gürcüstan, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.


Prezident İlham Əliyev "Matanat-A" şirkətinin digər müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Əsası 2000-ci ildə qoyulan "Matanat-A" şirkəti 25 ildir inşaat materiallarının istehsalı sektorunda fəaliyyət göstərir. Şirkətin tərkibinə "Matanat A" Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı zavodları daxildir. Bu müəssisələrdə ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb. Zavodlarda 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Bu məhsullar daxili təlabatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi altında Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan kimi ölkələrə ixrac olunur. Bütün məlumatları aldıqdan sonra dövlət başçısı zavodu rəsmən işə saldı.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: