Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub (FOTO)

15.11.2025 13:26 3 baxış sayı 3 dəq. oxuma Trend
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənd şəhərində İslam Sivilizasiyası Mərkəzinə baş çəkib. Bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib, təməli isə 2018-ci ildə qoyulub. Layihənin gerçəkləşməsində yüzlərlə alim, ekspert, eləcə də dini və ictimai xadim iştirak edib. Samarkand şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış bu kütləvi tikili 10 hektardan çox ərazini tutur. Binada hündürlüyü 65 metr olan bir günbəz inşa edilib. Mərkəzin strukturu tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxanalar, arxivlər və nəşriyyat şöbələrini birləşdirir. Mərkəz İslam sivilizasiyasının tarixi irsinin qorunması üçün mühüm bir məkandır.


Mərkəzin sərgi qalereyasında fərqli tarixi dövrlərə aid əşyalar və sənət əsərləri təqdim edilir. Əcdadların yaradıcılıq bacarığı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında, eyni zamanda, 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, böyük bir kitabxana yerləşir. Burada İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi və beynəlxalq təşkilatların ofisləri də fəaliyyət göstərir. Muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan təşkil edilib.


Ekspozisiyanın mərkəzindəki “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi sayılan “Osman Quranı” saxlanılır. Bu zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış Quranın əlyazma nüsxələri göstərilir. Onların özbək dilinə tərcümələri də burada mövcuddur. Mərkəzdə dini-maarifləndirici və media layihələri həyata keçirilib. Holoqrafiya, qurğular və proyektor texnologiyaları sayəsində “Zaman divarı” adlanan böyük multimedia panelində müxtəlif dövrlərin ən əhəmiyyətli tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər haqqında məlumatlar verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri quraraq Özbəkistanın mədəniyyət siyasətində vacib bir mərkəz rolunu qəbul edib.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: